Nazir müavini: "Muzdla işləyənlərin 47,8% qadınlardır"

15:40 | 21.04.2017
Nazir müavini:

Nazir müavini: "Muzdla işləyənlərin 47,8% qadınlardır"

Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,  Həmkarlar İttifaqları Konfederasiyasının və  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu, bütün əhali üçün layiqli əməyin təmin olunmasının, qeyri-bərabərliyin aradan qaldırılmasının bu məqsədlərdəki hədəflər sırasında olduğunu bildirib: "Son on ildə ölkəmizdə minimum əmək haqqı 3,5 dəfə, orta aylıq əmək haqqı 3,3 dəfə artıb. Nəticə etibarilə yoxsulluq səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib. İşçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunvericiliklə qadağan edilir. 2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib. Orta aylıq əmək haqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9 faiz artaraq 900 manata, inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395 milyon manata çatıb.

 Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb".

Nazir müavini diqqətə çatdırıb ki, hazırda məşğul əhali dünya əhalisinin 43,1 faizini təşkil edir, yəni dünya iqtisadiyyatında təxminən 3,3 mlrd. nəfər çalışır və məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır: 

"DSK-nin məlumatına əsasən ölkəmizdə iqtisadiyyatda məşğul olanların yalnız 31,8 faizi muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir”.

İ.İsayev əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında da mühüm önəmini vurğulayıb: "Sistemin məlumatına əsasən 2017-ci ilin 1 yanvar tarixinə muzdla işləyənlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,4 min nəfər artaraq 1265,3 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib. Həmçinin sistemin məlumatına görə, muzdla işləyənlərin 47,8 faizini qadınlar təşkil edir. Qadınların orta aylıq əmək haqqı məbləği ölkə üzrə kişilərin orta aylıq əmək haqqı məbləğinin 54 faizini təşkil edir".

O bildirib ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərilərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir.

Nazir müavini diqqətə çatdırıb ki, real olaraq əmək haqqının əhalinin gəlirlərində xüsusi çəkisinin 5 faiz artırılması 2,27 mlrd. manat əmək haqqının rəsmiləşdirilməsi, 270 milyon vergi və 570 milyon məcburi sosial sığorta ayırmaları deməkdir. Bu isə minimum əmək haqqının 10 faiz və yaşa görə əmək pensiyasının baza hissəsinin isə 30 faiz artırılmasına imkan verərdi.
İşçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz
İ.İsayev vurğulayıb ki, işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Nazir müavini əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının vacibliyini, bunun əmək məhsuldarlığının artımında başlıca vasitə olduğunu qeyd edib. O bildirib ki, həmçinin qadınların əmək bazarına yüksək ixtisaslı işçi kimi çıxış imkanlarının artırılması nəzərdən keçirilməlidir.

AHİK sədrinin birinci müavini İlyas Əliyev BƏT-in Qlobal Əmək Haqqı hesabatından irəli gələn məsələlərin aktuallığını diqqətə çatdıraraq, işçilərin əmək haqlarının onların maddi firavanlığına uyğun səviyyədə olmasının, əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasının layiqli əməyin əsas komponentlərindən olduğunu vurğulayıb.

Daha sonra BƏT-in rəsmiləri Nikolas Studer və Rosalia Vazquez BƏT-in 2016-2017-ci illəri əhatə edən Qlobal Əmək Haqqı hesabatını təqdim ediblər. Tədbir hesabat əsasında geniş müzakirələr şəraitindədavam edib, əmək haqqı siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM