Livandan İraqa uçan təyyarə geri qayıdıb. ANS PRESS-in məlumatına görə, MEA Hava yollarına aid sərnişin təyyarəsi İraqın nəqliyyat nazirinin oğlu gecikərək təyyarə minə bilmədiyi üçün geri qayıtmalı olub. Beyrut-Bağdad təyyarəsi 6 dəqiqəlik gecikmə ilə saat 12.40-da havaya qalxıb. Gecikməyə səbəb sərnişinlərdən olan İraq nəqliyyat naziri Hadi əl Amirinin oğlu Mehdi əl Amiri və dostlarının bütün anonslara baxmayaraq təyyarəyə gəlməməsi olub. Nazir oğlu qapıya yaxınlaşanda isə təyyarənin qalxdığını görərək hirslənib."O təyyarənin Bağdada enməsinə icazə verməyəcəm", deyərək qışqırıb. Təyyarə qalxandan 21 dəqiqə sonra geri qayıdıb. Hava yolu şirkətinin rəsmisi isə bunun xoşagəlməz hal olduğunu deyib. İraq tərəfi təyyarənin Beyruta qayıtdığını təsdiqləsə də, buna səbəb olaraq nazir oğlunu göstərməyib. Əsas səbəb olaraq Bağdad hava limanında təmizlik işləri ilə bağlı heç bir təyyarənin enişinə icazə verilmədiyi göstərilib. Nəqliyyat Nazirliyinin mətbuat katibi isə nazir övladının adının ümumiyyətlə sərnişinlərin siyahısında olmadığını deyib. Bağdad hava limanının adını açıqlanmayan əməkdaşı isə həmin gün 30-a yaxın təyyarənin uçuş etdiyini, lakin ancaq qeyd edilən təyyarənin geri qaytarıldığını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !