Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.
Publika.az xəbər verir ki, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.
Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !