Deputat Qüdrət Həsənquliyev nazirlərin deputatlara münasibətlərindən narazıdır. O, “moderator.az”a açıqlamasında konkret ad çəkməsə də, bəzi nazirlərin deputatların zənglərinə cavab vermədiyini deyib: “Yəqin ki, prezident tərəfindən göstəriş olmasa, vəziyyət dəyişməyəcək.
Əgər bizim zənglərə cavab verilmirsə, onda hökumət telefonlarını deputatlardan götürmək lazımdır. Lap şəhər telefonu ilə də nazirə zəng eləsən, köməkçisi deyir ki, ya yerində yoxdur, ya da yığıncaq keçirdir. Buna görə də düşünürəm ki, telefonları ya ləğv etmək lazımdır, ya da bu telefonlar qoyulubsa, həmin adamlara deyilməlidir ki, zəngimizə cavab versinlər. Deputat statusu haqqında qanunda da qeyd olunub ki, deputat vəzifəli şəxsə müraciət etdikdə təxirə salınmadan qəbul edilməlidir. Qəbul olunmaq nədir, heç zəngimizə də cavab vermirlər. Bu məsələ problem olaraq qalır”.
Görəsən, bu cür münasibətlə qarşılaşan təkcə Qüdrət Həsənquliyevdir, yoxsa başqa deputatlar da eyni vəziyyətdədir?
Deputat İlyas İsmayılov “Azadlıq”a açıqlamasında bildirib ki, o, nazirləri birbaşa axtarmır: “Mənim onlara işim düşməyib. Vaxtilə Misir Mərdanov nazir olanda zəng edirdim, məni hörmətlə qarşılayırdı. Lazım olan suallara cavab almaq üçün nazirlərə deputat sorğusu göndərirəm”.
Digər deputat Zahid Oruc isə hesab edir ki, Qüdrət Həsənquliyevin dedikləri parlament üzvlərinin hamısının yox, fərdi olaraq, ayrı-ayrılıqda üzləşdiyi situasiyadır: “Onun üzləşdiyi vəziyyətə mənim qiymət verməyim düzgün olmaz. Amma özümə gəlincə, müxtəlif məsələlərlə əlaqədar hökumət təmsilçilərinə müraciət etməli oluram. Əksər hallarda müraciətlərim təmsil etdiyim bölgənin ictimai problemlərilə bağlı olur. On dəfəyə yaxın baş nazir Artur Rəsizadə ilə görüşlərimiz olub. Nazirlər Kabinetinə rəhbərlik edən şəxs kimi, onun qapısı hər zaman parlament üzvlərinə, mühüm vəzifə daşıyan insanlara açıqdır. Əslində, bu, nümunəvi haldır. Yəni, parlament-hökumət əməkdaşlığına nümunə sayıla bilər. Başqa nazirliklərlə də təmaslarımız olur. Əksər hallarda onlardan hər hansı problemə operativ reaksiyalar ala bilirəm. Konkret situasiyada nazirlə danışmaq mümkün olmayanda da, qısa zamanda onların bizə müraciətlərinin şahidi olmuşam. Bir sözlə, bu məsələyə ümumiləşdirilmiş qaydada yanaşa bilmərik. Ancaq bir daha həmkarımın mövqeyinə dəyər verirəm, hörmətlə yanaşıram”.
Qafqazinfo