Nazirlik 2 müəssisənin fəaliyyətini dayandırdı

17:15 | 15.04.2015
Nazirlik 2 müəssisənin fəaliyyətini dayandırdı

Nazirlik 2 müəssisənin fəaliyyətini dayandırdı

Bakının Qaradağ rayonunda yerləşən "Sehran” MMC-də və "Sunrice” MMC-də əməyin mühafizəsi ilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, onlarda işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, müəssisələrdə işçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə  vasitələri olmadan işlədikləri aşkarlanıb. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib.

"2015-ci ilin əvvəllərində nazirlik tərəfindən digər müəssisələr kimi, "Sehran” MMC və "Sunrice” MMC-yə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması barədə icrası məcburi olan göstərişlər əksini tapıb. Həmçinin bu müəssisələrdə qeyd olunan tələblərin icrasının, eləcə də işçilərin  pulsuz olaraq fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin olunması vəziyyətinin araşdırılacağı bildirilib.

Hər iki müəssisədə aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılanadək işlər dayandırılıb. Həmin müəssisələrin rəhbər şəxslərinə əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilərək akt tərtib olunub” - deyə, nazirliyin məlumatında deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti