Nazirlik: Azərbaycanda yayılan virus qripin yeni formasıdır

12:53 | 07.01.2014
Nazirlik: Azərbaycanda yayılan virus qripin yeni formasıdır

Nazirlik: Azərbaycanda yayılan virus qripin yeni formasıdır

 “Ölkədə müşahidə olunan virus qripin yeni - H3N2 formasıdır”.Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev deyib. Son günlər ölkədə insanlar arasında yayılan qrip xəstəliyinin mövcud vəziyyəti və qarşısını alma yolları barədə danışan N. Əliyev bildirib ki, kəskin respirator virus olan qripin bu forması bəzi əlamətlərlə özünü göstərir: “Bunlara boğaz ağrısı, temperatur, baş gicəllənmə, təzyiqin aşağı düşməsi və digər hallar daxildir. Digər hallarda olduğu kimi qripin bu formasının da qarşısı vaxtında alınmasa pnevmoniya ilə nəticələnə bilər. Ona görə də qripin ilkin əlamətləri hiss olunduqda insanlar mütləq həkimə müraciət etməli və dəqiq diaqnoz əsasında müalicələrini almalıdırlar. Bəzən qripə qarşı olan yanlış müalicə formaları onun daha da ağırlaşmasına səbəb ola bilər. Temperatur olduğu halda insanlar evdən çıxmadan lazımi müalicə alsınlar, antiviral dərmanlar qəbul etsinlər və gün ərzində daha çox su və ya maye qəbul etsinlər”. Baş infeksionist qeyd edib ki, ümumilikdə ölkədə son aylar müşahidə olunan qripin H3N2 forması təhlükəli hesab olunmur və mövsümü xarakter daşıyır. Onun sözlərinə görə, sadəcə, bu virusa yoluxanlar qripin müalicəsini vaxtında və düzgün həyata keçirməlidirlər. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında bildirib ki, insanlar arasında qrip virusunun mövsümi artımı qeydə alınır. Amma kəskin ağırlaşma və artmanın olmadığını deyən V.Qasımovun sözlərinə görə, müxtəlif kollektivlərdə virusun daha çox və ya az müşahidə olunması ölkə üzrə mövcud statistikaya təsir etmir: “Hazırda Azərbaycanda bütün virusları təyin etmək üçün bütün imkanlar var. Hələki ölkədə qorxulu viruslarla xəstələnmə halı qeydə alınmayıb. Biz indi yalnız kəskin virus infeksiyasından söhbət edə bilərik. Bu da əsasən insanlar arasında mövsümi olaraq yayılır”. Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə 2013-cü ildə də ölkə üzrə epidemioloji stabillik davam edib və heç bir xəstəliklər üzrə kəskin alovlanma, artım müşahidə olunmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM