Nazirlik rəsmisi: “Qiymət aşağı olanda heç demirsiniz”

15:29 | 01.09.2014
Nazirlik rəsmisi: “Qiymət aşağı olanda heç demirsiniz”

Nazirlik rəsmisi: “Qiymət aşağı olanda heç demirsiniz”

“2013-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının qiyməti sabitdir, indi elə bir artım yoxdur. Ötən həftə apardığımız monitorinqlər göstərir ki, qiymətlərdə stabillik yaranıb”. Sentyabrın 1-də “Media forum” saytına açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev belə deyib.

Nazirlik sözçüsü qeyd edib ki, bəzi məhsullarda qiymət artımı təbiidir: “Bu qiymət artımı mövsümi xarakter daşıyır. Məsələn, bostan məhsullarının mövsümü başa çatdığına görə müəyyən qiymət artımı var. Sentyabrın ikinci yarısında bostan məhsulları mövsümü başa çatır. Qiymət aşağı olanda heç demirsiniz”.

Hökumət rəsmisi deyib ki, Rusiya bazarına ixracın qiymət artımına təsiri cüzidir: “Kartofu götürək, indi normal qiymətədir. Soğanın 4 kiloqramı 1 manatdır. Üzüm bazara indi çıxmağa başlayıb, ancaq getdikcə qiyməti düşəcək. Düzdür, pomidorun qiymətində var, o da keçən ilin müvafiq dövrü ilə müqayisədə çox deyil”.

Murtuzəli Hacıyev əlavə edib ki, bazar iqtisadiyyatı şəraitində qiymətlər tam liberallaşıb. Nazirlik qiymət siyasəti aparan orqan deyil. Qiymət bazarda tələb-təklif əsasında formalaşır. İxraca kvotadan da söhbət gedə bilməz. Əvvəllər məsələ qaldırılırdı ki, fermer istehsal elədiyi məhsulun satışında problemlə qarşılaşır. Satışa kömək göstərilməsi xahiş edilirdi. İndi bazar var, fermer də öz məhsulunu satır”.

Ukrayna torpaqlarının işğalına görə Qərbin iqtisadi-siyasi sanksiyalarına məruz qalan Rusiya Avropa İttifaqı ölkələri, Norveç, ABŞ, Kanada və Avstraliyadan ərzaq idxalına sərt embarqo qoyub. Bu proses fonunda Azərbaycandan Rusiya bazarlarına çıxış imkanı artıb və ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti artıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM