Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sonuncu dəfə aprelin 9-da Bakıda və Abşeron yarımadasında belə isti hava şəraiti 2012-ci ildə müşahidə edilib. Lakin həmin zaman qeydə alınan temperatur dünənki temperaturdan da yüksək olub.
A.Verdiyev dünənki isti, eləcə də bugünkü soyuq hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu, ayrı-ayrı illərdə belə halların müşahidə edildiyini və anomal hesab edilmədiyini söyləyib:
"Aprel ayında bundan da isti günlər olub. Havanın dünənki istidən sonra belə soyuması aprel ayı üçün xarakterik olan bir haldır. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir”.
Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb.
Bu gün havanın temperaturunun gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !