Rusiya bazarına ixracın artırılmasına görə bəzi kənd təsərrüfatı məhsullarının bu ilin avqust ayındakı qiymət dəyişiklikləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi KİV-lərdə ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yayılır: “Daha çox subyektiv mülahizələrə əsaslanan bu tip informasiyaların yerinə, sistemli şəkildə aparılan peşəkar təhlillər, əslində vəziyyətin fərqli olduğunu göstərir. Hələ mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Məsələn, ötən ilin iyul ayına nisbətən bu ilin iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi və s. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki, fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi. Bir sözlə, bu mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var idi”. Məlumatda qeyd olunur ki, avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi, təbii olaraq, yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış edib: “Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil olub. Bununla belə, burada üç məqama da diqqət yetirmək lazımdır. Birincisi, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. KİV-lərdə səsləndirilən və daha çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji təsirin artmasında əsaslı rola malik olub. Lakin əslində bu ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10% təşkil edib, ötən ilə nəzərən artım isə 20,5% olub. Yəni “ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısı götürülüb Rusiya bazarına aparıldı” kimi ajiotaj informasiyanın əsası yoxdur. İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqləri göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başlayıb. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başlayıb. Üçüncüsü, aparılan təhlillər göstərir ki, artıq bu ilin avqust ayının sonunda qiymətlərin formalaşmış yeni səviyyəsi, demək olar ki, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir. Hətta kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar üzrə daha aşağı səviyyədədir. Burada yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə istisnalıq təşkil edir, yəni ki, ötən ilin müvafiq dövrünə nisbətən yuxarıdır. Bir sözlə, Rusiya bazarına ixracın təsiri ilə bu ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin, əlverişli vəziyyətə gəlməsini şərtləndirib. Eyni zamanda, qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmayıb, çünki bu ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !