Torpaq sahiblərinə xəbərdarlıq edilib

13:00 | 29.01.2018
Torpaq sahiblərinə xəbərdarlıq edilib

Torpaq sahiblərinə xəbərdarlıq edilib

Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə xəbərdarlıq edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir.

"Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar. Heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür", - deyə məlumatda vurğulanıb.

Bunları əsas gətirən Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.

"Buna əməl etməyən torpaq sahibləri üçün cəza müəyyənləşib. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 dekabr 2017-ci il tarixli Qanunu ilə əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə olunur", - deyə məlumatda vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM