Vergilər Nazirliyinin bir neçə əməkdaşı ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimov eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəyib.
13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayev 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !