Azərbaycanda ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib. Bu təkliflərin gələn il ərzində müvafiq qurumlar tərəfindən hazırlanaraq hökumətə təqdim edilməsi planlaşdırılır.Nazirlikdən bildirilib ki, son illər ölkədə çoxuşaqlı ailələrdən orta uşaqlı ailələrə keçid meylinin güclənməsi müşahidə olunur. Belə ki, 1999-cu və 2009-cu illərdə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 18 yaşadək uşaqları olan ailələrin (ev təsərrüfatlarının) sayının 2,8 faiz artmasına baxmayaraq, 3 uşaqlı ailələrin sayı 19,7 faiz, 4 və çox uşaqlı ailələrin sayı isə 40,8 faiz azalaraq, 2009-cu ildə müvafiq olaraq 261.9 min və 126.7 min ailə təşkil edib.Bu dövr ərzində 3 və daha çox uşaqları olan ailələrin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə azalması baş verib. Belə ki, 3 uşaqlı ailələrin xüsusi çəkisi 26 faizdən 20 faizə qədər, 4 uşaqlı ailələrin xüsusi çəkisi isə 17 faizdən 10 faizə qədər azalıb.Azərbaycanda selektiv abortların qarşısının alınması üçün doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planı hazırlanaraq təsdiq ediləcək. Müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsinə görə, bu kimi halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah oluna bilər.Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !