Neft Fonduna 1 milyardlıq zərər

11:27 | 21.10.2014
Neft Fonduna 1 milyardlıq zərər

Neft Fonduna 1 milyardlıq zərər

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) zərəri ilk dəfə rekord səviyyəyə çatıb.

ANN.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Fondun 2014-cü ilin 9 ayının nəticələrinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri (zərəri) 962,7 milyon manat təşkil edib. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri isə 966,4 milyon manat olub. ARDNF bildirir ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 131,9 milyon manat, büdcə xərcləri isə 8 041,2 milyon manat təşkil edib.2014-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat olub. Caspianbarrel.org-un hesablamalarına görə, 9 ayda fonda daxilolmalar 46 milyon manat artıb. Vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər isə 2 dəfə azalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idarə olunmadan əldə olunan gəlir 311,2 milyon olub. Bu ilin 9 ayı ərzində isə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib.Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin xərclərinin icrasına gəlincə;- 7 399,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.- Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 milyon manat,- Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 milyon manat, - "Bakı-Tiflis-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 47,5 milyon manat vəsait ayrılıb.- "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 18 milyon manat vəsait yönəldilib.- "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə 40,0 milyon manat, - "STAR" neft emalı kompleksinin tikintisi üçün isə 223,5 milyon manat vəsait xərclənib.- 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 33,5 milyon manat təşkil edib.2014-cü il oktyabrın 1-nə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,98 faiz artaraq 37 305,3 milyon ABŞ dollarına bərabər olub.Ancaq caspianbarrel.org bir fakta diqqət yetirir ki, cari ilin iyul ayının 1-nə Neft Fondunun aktivləri  37 622,4 milyon dollar idi. Deməli, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb. Yəni hökumət artıq büdcəni icra etmək üçün valyuta ehtiyatlarına müraciət etməyə başlayıb.ARDNF-in 9 ayının nəticələrini "Bizim Yol"a şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, burada əsas diqqət çəkən bir neçə məqam var: "Bunlardan biri gəlirlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmasıdır. Keçən ilin 9 ayında gəlirlilik 1 faiz təşkil edirdisə, bu il 0,6 faizə düşüb. Aktivlərin həcmi artsa da, gəlirlilik səviyyəsi aşağı düşür. İkinci məqam, Fondun zərərinin həcminin təqribən 1 milyard manata yaxınlaşmasıdır. Bu, çox böyük bir rəqəmdir və indiyədək belə böyük zərər olmamışdı".Bəs nəyə görə belə iri həcmdə zərər yaranıb? "Doğrudur, bu, qiymətləndirmə nəticəsində meydana çıxan zərərdir. Mühasibatlıq nöqteyi nəzərdən Mərkəzi Bankın konkret tarixə olan məzənnələri əsasında hesablanıb və müəyyən olunub ki, 962,7 milyon manat itki yaranıb. Bunun da başlıca səbəbi valyuta səbətinə daxil olan dollardan başqa bütün valyutaların ucuzlaşmasıdır. Kiçik bir araşdırma apardım", deyə S.Əliyev cavabında vurğuladı.Ekspertə görə, səbətdə olan valyutaların məzənnəsi kəskin şəkildə ucuzlaşıb: "Zərərin həcmi manatla göstərilir. İlin əvvəli ilə müqayisədə avro ucuzlaşıb. Ümumi valyuta ehtiyatında avronun payı 35,4 faizdir. Söhbət 9,7 milyard həcmdə olan avrodan gedir. 962,7 milyon manatlıq itkinin təxminən 700 milyona yaxını avronun payının üzərinə düşür. Azərbaycan manatının məzənnəsi dollara əsasən müəyyən edilir. Dünya bazarında dollar digər valyutalara nisbətən məzənnəsini necə dəyişirsə, birbaşa olaraq həmin valyutaların manata olan məzənnəsi də dəyişir. Yəni dollar avroya münasibətdə bahalaşırsa, avtomatik olaraq manat da avroyla müqayisədə bahalaşacaq. Eyni proses digər valyutalara da aiddir. Son zamanlar dolların bahalaşması müşahidə edilir. Xüsusilə, səbətə daxil edilmiş valyutalar ucuzlaşır. Avronun kursu 7 faiz ucuzlaşdığına görə zərərin ən böyük hissəsi də onun payına düşüb. Valyuta ehtiyatımızda üçüncü böyük paya Britaniya Funt-sterlinqi daxildir - 5,3 faiz. Funt-sterlinqin manata olan məzənnəsi bu ilin 9 ayına nisbətən 1,2 faiz ucuzlaşıb. Burada təqribən 10 milyonluq itkidən söhbət gedir.Digər böyük çəkiyə malik olan valyuta isə rus rubludur-1,3 faizdir. Ən çox da ucuzlaşma rus rublundadır. Manata münasibətdə 16 faiz ucuzlaşıb. Kobud hesablamalar apardıqda hardasa 100 milyona yaxın itki rus rublunun payına düşür. Fondun səbətində 1,2 faiz paya malik olan türk lirəsi manata nisbətən 5 faiz ucuzlaşıb. 0,5 faiz paya malik olan Avstraliya dolları milli pulla müqayisədə 1,8 faiz aşağı enib. Azərbaycanın valyuta ehtiyatlarında yeganə dollar və Cənubi Koreya vonu dünya bazarında möhkəmlənib. Vonun səbətdəki payı 1,2 faizdir. İndi  nə baş verir? Tərəzinin sol tərəfinə dolları, sağ tərəfinə digər valyutaları qoyaq. Nəzərə almaq lazımdır ki, dolların rezervlərdəki payı 51,7 faizdir. Əslində, bütün valyutaların kursu dollara münasibətdə müəyyən edilir. Mərkəzi Bank dolların payını 50 faizdən yuxarı götürməklə, tərəzinin sağ tərəfindəki valyutaların ucuzlaşmasını kompensasiya edir. Burada zərərin yaranmasının bir səbəbi valyuta məzənnələrinin dəyişməsidirsə, digər səbəbi dolların manata nisbətdə kursunun sabit qalmasıdır. Əgər dollar manata münasibətdə də bahalaşsaydı, o zaman bu zərərin həcmi az olardı. İtkiləri manatın ucuzlaşması və dolların bahalaşması hesabına kompensasiya edə bilərdik. Amma Mərkəzi Bankın manatın məzənnəsinin sabit saxlama siyasəti rezervlərimizin artmasına təsir göstərməyib".Ekspert düşünür ki, manatın dollara nisbətən kursunun sabit saxlanılması Mərkəzi Bank üçün təzyiqdir: "Məhz bu siyasət Neft Fondunun zərərini 1 milyard manata qədər gətirib çıxarmasına təsir göstərib. Dollar manatla müqayisədə 5 faiz bahalaşsaydı, təqribən 600-700 milyon manat qənaət etmək olardı. İdarə edilmədən əldə olunan gəlirlərin də iki dəfə azalmasının səbəbi məhz valyuta məzənnələrinin dəyişməsidir. Eyni zamanda səhmlərə yatırımlar qoyulub. Rusiyada səhm bazarına qoyulan investisiyaların həcmi 16 milyard rubl təşkil edir. Həm rublun ucuzlaşmasına görə aktivlərin dəyəri aşağı düşüb, həm də "VTB" Bankın səhmlərinin dəyəri azalıb. Bildiyiniz kimi, Neft Fondu "VTB" Bankın səhmlərinə 500 milyon dollar yatırım qoyub"."Nəzəri olsa da, zərər idarə olunmadan əldə olunan gəlirləri üstələyib" sualına S.Əliyev belə cavab verdi: "Elə demək olar. İdarə olunmadan əldə olunan gəlir cəmi 162 milyon manatdır. Zərər gəlirdən təqribən 5 dəfə çoxdur. Təəssüf ki, aktivlərin həcmi artsa da, onların idarə edilməsindən əldə olunan gəlir azalır. Bu, bir-birinə tərs  mütənasibdir. Belə ki, ötən ilin müvafiq dövründə 35 milyard manatdan təqribən 300 milyon manat qazanılıbsa, bu il 37 milyarddan cəmi 162 milyon manat qazanc götürülüb. Bu gün Neft Fondunun aktivlərinin yerləşdirilməsi siyasətinə yenidən baxılmalıdır. Orada müəyyən diversifikasiya addımları atılmalıdır. Əks təqdirdə itkilərin həcmi arta bilər. Nəzərə almaq lazımdır ki, neft ucuzlaşır və hökumətin Neft Fondunun ehtiyatlarına müraciət etmə ehtimalları artır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM