Neftçi bununla qidalanir? İylənmiş toyuq, çürümüş kartof, çirkli qazanlar ... - FOTOLAR

14:44 | 23.05.2019
Neftçi bununla qidalanir? İylənmiş toyuq, çürümüş kartof, çirkli qazanlar  ... - FOTOLAR

Neftçi bununla qidalanir? İylənmiş toyuq, çürümüş kartof, çirkli qazanlar ... - FOTOLAR

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nazirlər Kabinetinin neftçilərin ezamiyyə xərcləri üçün ayırdığı 15 manatı işçilərin hesablarından tutub, "Xəzər İaşə” MMC-nin hesabına köçürür. Xəzər İaşə də neftçiləri keyfiyyətsiz qidalarla təmin edir. Günlük 15 manat pul birbaşa Xəzər İaşənin hesabına köçürüldüyü üçün işçilərin başqa seçim imkanları yoxdur”, - bunu  anews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, Xəzər İaşə  SOCAR vitse-prezidentlərinin birinə aiddir.

"Xəzər İaşə SOCAR vitse-prezidentlərinin birinə aiddir və heç bir tenderdə qalib gəlmədən, birbaşa bu işlə məşğul olmağa başlayıb. İşçilər üçün nəzərdə tutulan günlük 15 manat ezamiyyə xərcləri neftçilərin hesablarından birbaşa tutulduğu üçün, onların günlük qidalanmalarında seçim imkanları yoxdur. Necə deyərlər, yesən də budur, yeməsən də”, – deyə hüquq müdafiəçisi bildirib.

Mirvari Qəhrəmanlı deyir ki, Qida Təhlükəsizlik Agentliyi öncədən bəyan etmədən gedib yerində yoxlanış aparsa, vəziyyətin nə yerdə olduğunu görər.

"Xüsusən, Nərimanov NQÇİ-nin özüllərində vəziyyət çox acınacaqlıdır. Oradakı vəziyyəti monitorinq etmək üçün gedənlər ancaq yeni platformalara aparılırlar. Ancaq Qida Təhlükəsizlik Agentliyi öncədən bəyan etmədən əraziyə getsə, baxış keçirsə, vəziyyətin nə yerdə olduğunun şahidi olar. Vəziyyət çox acınacaqlıdır”, – deyə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də məsələyə münasibət bildirdi.

Cahangir Əliyev deyir ki, artıq uzun illərdir Xəzər İaşə ilə əməkdaşlıq edilir.

"Xəzər İaşə ilə əməkdaşlıq artıq uzun illərdir davam edir. Bu, 3 il deyil, 5 il deyil. Hər zaman belə olub, fəhlələrin biri yeməyi bəyənir, biri bəyənmir”.

Qidaların keyfiyyətsiz olması iddialarına isə, Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev deyir ki, mənim ofisim şəhərdədir, hər gün gedib baxmıram ki, fəhlələr orda nə yeyir?! 

"Çox şey danışıla bilər. Mirvari Qəhrəmanlı da çox şey yaza, paylaşa bilər, ancaq gedib baxmaq lazımdır ki, görək deyilənlər həqiqətə uyğundur, ya yox? Mənim ofisim şəhərdədir, mən hər gün gedib baxmıram ki, fəhlələr orda nə yeyir. Ona görə də, konkret bir şey deyə bilmirəm. Əgər narazılıq varsa, gedib baxılacaq. Ondan sonra bir şey demək olar
”, – deyə Cahangir Əliyev bildirib.

Cahangir Əliyevin bu fikirlərinə cavab olaraq Mirvari Qəhrəmanlı deyir ki,
Azərbaycan Respublikasının əmək qanunvericiliyinin 309-cu maddəsinə əsasən, idarə və müəssisələrdə işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti Həmkarlar İttifaqı həyata keçirir.

Hüquq Müdafiəçisinin sözlərinə görə, SOCAR-a daxil olan bütün idarə və müəssisələrdə ümumilikdə 50 min ətrafında insan çalışır və onların hamısı, artıq işə qəbul olunandan həmkarlar ittifaqına üzv qəbul olunurlar.

"Həmkarlar ittifaqı öhdəliklərinə uyğun olaraq, bilavasitə bu işlə məşqul olmalıdır. Son 7-8 ildə Azərbaycanda hasilat sahəsində 200 nəfər həlak olub və bunun da 80%-ı SOCAR-ın payına düşür. Bu işə qəbul olunanda, artıq özlərinin fikirləri öyrənilmədən həmkarlar ittifaqına üzv qəbul olunurlar, maaşlarından üzvlük haqqı tutulur. Cahangir Hacıyevin bilavasitə borcu və vəzifəsidir ki, gedib baxış keçirsin, nəzarət eləsin. Bacarmırsa, 22 ildir yapışıb qaldığı kreslosundan imtina edib, istefa verib getməlidir” – deyə Mirvari Qəhrəmanlı deyib.


Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva və Agentliyin şöbə müdiri Mansur Piriyevə müraciət etsək də suallarımız hələ də cavablandırmayıb. Agentlik email vasitəsi ilə ünvanladığımız suallara cavab verən kimi  onların da fikirlərini təqdim etməyə hazırıq.
 
Fəhlələrin qida şəraitləri və yedikləri yeməyin keyfiyyəti ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinə təqdim etdikləri  fotoları diqqətinizə çatdırırıq: 

 







Həzi
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti