Nehrunun avtoqraf aldığı, Xruşovun heyran qaldığı, Rəşid Behbudovun dostu Rac Kapurun film kimi həyatı

16:06 | 14.12.2018
Nehrunun avtoqraf aldığı, Xruşovun heyran qaldığı, Rəşid Behbudovun dostu Rac Kapurun film kimi həyatı

Nehrunun avtoqraf aldığı, Xruşovun heyran qaldığı, Rəşid Behbudovun dostu Rac Kapurun film kimi həyatı

Rac Kapur dünya kino tarixinə ən yaddaqalan simalardan biri kimi daxil olub. Bütün həyatını kino incəsənətinə həsr edən aktyor və rejissor təkcə öz ölkəsində deyil, bütün dünyada tanınıb, sevilib, alqışlanıb.

Musavat.com hind kinosunun memarı və yaradıcısı olan Rac Kapurun həyatının 14 anını təqdim edir.

1. 14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olan Pac Kapur ilk uğurunu altı yaşaında atasının sahib olduğu teatrın səhnəsində qazanıb.

2. Teatrda çalışmasına baxmayaraq Rac Kapur kino sənətinə daha çox meyl və həvəs göstərib. Atası oğlunun bu arzusunun qarşısına sədd çəkə bilməyib. Beləliklə də Rac Kapur ilk dəfə olaraq 11 yaşında kinoda rol alıb. Dövrün tanınmış rejissorları onda qibtəediləcək istedadın olduğunu söyləyiblər.

3. Rac Kapur 1948-ci ildə "Rac Kapur films” şirkətini yaradıb və elə böyük uğurları da məhz bu şirkətdən başlayıb.

4. SSRİ-də Rac Kapuru "cənab Avara” adlandırıblar. Statistikaya görə 64 milyon sovet vətəndaşı Rac Kapurun reissoru olduğu və baş rolda çəkildiyi "Avara” filmini seyr edib.

5. 1956-cı ildə SSRİ-də keçirilən hind filmləri festivalında Sovet İttifaqında səfərdə olan Rac Kapur Bakıda olmaq arzusunu da gerçəkləşdirib. Bir günlük səfərdə Rac Kapur bir çox görüşlər keçirib. Dostluq münasibətində olan Rəşid Behbudovla yenidən görüşmək imkanı qazanıb.

6. 1961-ci ildə Yuri Qaqarin Hindistana səfər edərkən kocmonavt Bombey şəhərində yüksək qonaqpərvərliklə qarşılanıb, görüşlər, gəzintilər, ziyafətlər təşkil olunub. Təbii bu görüşdə Rac Kapur da iştirak edib. Qısa bir zaman kəsiyində SSRİ-nin vizit kartı olan Yuri Qaqarinlə, Hindistanın vizit kartı sayılan Rac Kapur arasında səmimi yoldaşlıq münasibəti yaranıb. Kosmonavt kino ulduzuna adı ilə yox, "Yoldaş Avara” deyə müraciət edib.

7. Hindistanın baş naziri Cəvahirləl Nehru Moskvaya səfər edərkən Nikita Xruşovun ondan soruşduğu ilk suallardan biri Rac Kapurla bağlı olub:
- Cənab baş nazir, siz Rac Kapuru şəxsən tanıyırsınız? Bilirsiniz hansı Rac Kapuru deyirəm? Mahnı da oxuyur ey, avara mu...

8. Cəvahirləl Nehrunun müsahibələrinin birində Rac Kapur haqqında söylədiyi fikirlər də maraqlıdır: "Mən hazırda bütün dünyada ən məşhur adamlardan biriyəm. Demək olar ki, məni hamı tanıyır. Amma Rac Kapurun populyarlığına çatmaq üçün mən hələ çox uzaqlardayam. Bu məsələdə onunla rəqabət çox çətindir. Rac Kapur yeganə insandır ki, Hindistanın qüruru titulunu mənim əlimdən alır”.

9. Hindistanda Rac Kapura olan sevgi elə bir həddə çatıb ki, onun növbəti filmlərinin birinin nümayişində işitirak edən Cəvahirləl Nehru təqdimatdan sonra Rac Kapura yaxınlaşaraq ondan avtoqraf da alıb.

10. Yaradıcılıq imkanları tükənməz olduğu kimi, Rac Kapurun əsl hindlilərə məxsus məhəbbəti də "tükənməz” olub. Bu məhəbbət Rac Kapuru yolundan azdırmasa da, xanımlardan da imtina etdirməyib. Ətrafında, çəkiliş meydanlarında, təqdimatlarda rastlaşdığı xanımlara laqeyd olmayıb.

11. Bir çox filmlərdə tərəf-müqabili olan, olduqca yaraşıqlı aktrisa Nərqiz isə onun sevgi kumirinə çevrilib. Xanım aktrisa ən çətin, ən mürəkkəb anlarda Rac Kapurun ən yaxın köməkçisi olub. Rac Kapurun ürəyində Nərqizə sevgi olsa da başqa qadınlarla əylənməkdən əl çəkməyib. Rəqib xanımların Rac Kapura görə çəkişmələri isə son həddə çatıb. Nəhayət? günlərin birində iki xanımın Rac Kapur adlı mübarizəsi səs-küyə səbəb olanda aktyor evlənməyi qərara alıb.

12. Rac Kapur 16 yaşlı bibisi ilə ailə həyatı qurub. Hindistan adətlərinə görə, belə nikahlar normal sayılıb. Çütlüyün beş övladı olub.

13. Rac Kapur istedadlı, talanlı olduğu qədər həm də şanslı, uğurlu insan olub. 64 illik həyatında onu həmişə uğur, inkişaflı karyera, maddi zənginlik, xalqın sevgisi müşayiət edib. Elə ölümünü də maraqlı bir məqamda qarşılayıb. Belə ki, 1988-ci ildə Rac Kapur Hindistanın ən ali mükafatlarından birinə layiq görülüb. Mükafatı ona şəxsən Hindistan prezidentinin təqdim etməsi nəzərdə tutulub. Mərasim başlayıb, Rac Kapuru təqdimat üçün səhnəyə dəvət edəndə o huşunu itirib. Onu təcili xəstəxanaya çatdırıblar. Bir aydan sonra iyunun 2-də Rac Kapur 64 yaşında vəfat edib.

14. Rac Kapurun övladları onun sənət yolunu uğurla davam etdirirlər. Hazırda Hindistanda "Rac Kapur films” studiyası ən tanınmış və iş məhsuldarlığı ilə fərqlənən şirkətlərdən biri kimi fəaliyyətini davam etdirir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM