Hazırda həbsxanada olan Azərbaycan Respublikası Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı prezident İlham Əliyevə müraciət edib. Pənahlı ailəsinin “Qafqazinfo”ya təqdim etdiyi müraciəti olduğu kimi təqdim edirik: “Bu müraciəti sizə Qobustan həbsxanasının divarları arasından yazıram. Səmimi etiraf edirəm ki, müraciəti yazarkən zərrə qədər belə tərəddüd etməmişəm. Çünki, bu müraciət mənim vicdanımın səsidir və mən onu susdurmağı heç vaxt nə istəməmişəm, nə də bacarmamışam. Artıq 4 ilə yaxındır ki, məhbus həyatı yaşayıram. Bu müddət ərzində çox böyük haqqsızlıqlarla, təzyiqlərlə üz-üzə qalmışam. Bütün şüurlu ömrünü mübarizəyə həsr etmiş və bu səbəbdən dünyanın 4 dövlətinin zindanında məhbus həyatı yaşamış bir insan olaraq deyə bilərəm ki, bu son 4 ildə gördüyüm haqqsızlıqların, təzyiqlərin, yaşadığım iztirabların bənzərini heç vaxt görməmişəm. Təbii ki, mən ağlım kəsən bir gündən özünə bir yol çizmiş bir insanam. Tutduğum bu yolun rahat, kəhkəşanlı bir həyatla uyğun gəlmədiyini də həmişə bilmişəm. Mənim üçün bu günə kimi çəkdiklərim də, bundan sonra çəkəcəklərim də tutduğum yolun bir parçasıdır və bunu təbii qəbul edirəm. Özümlə bərabər ailəm, övladlarım, yaxınlarım da iztirab çəkməyə məhkum olublar. Atam, anam mənim yaşadıqlarıma tab gətirə bilməyib dünyalarını dəyişiblər. Mənə valideynlərimin cənazələrini çiynimdə daşımaq belə nəsib olmadı. Bu, mənim üçün Allahın taleyimə yazdığı ən ağır imtahan idi. Sözsüz ki mən də insanam və tutduğum yolda bildiyim və bilmədiyim çox yanlışlarım olub. Amma tam əminliklə deyə bilərəm ki, mən yanlış ya da doğru nə etmişəmsə vətənimin və millətimin rifahını düşünərək etmişəm. Əqidəmə xəyanəti həyatım boyu ağlımın ucundan belə keçirməmişəm. Həyatım boyu bir tərəfdə dünyanın sərvəti, o biri tərəfdə isə məhrumiyyətlərlə dolu bir həyat olduğu halda mən həmişə ikincisini seçmişəm və bu, bu gün də belədir. Şəxsi mənafe heç vaxt mənim üçün önəmli olmayıb. Hansı siyasi lideri dəstəkləmişəmsə də, bunu vətənimin və millətimin xeyrini düşünərək etmişəm. Bu gün sizə Qobustan həbsxanasəndan yazdığım bu müraciət də mənim məhz əqidəmə sadiqliyimin nəticəsidir. Mən məhbus həyatı yaşadığım bu 4 il müddətində nə qədər cəmiyyətdən təcrid olunmuş olsam da bacardığım qədər mətbuatı izləməyə, ölkədəki siyasi durumdan xəbərdar olmağa çalışmışam və bu gün ölkəmizdəki siyasi durum məni sizə müraciət etməyə məcbur etdi. Biz illər öncə bir mübarizə başlatdıq. Milli Azadlıq mübarizəsi adlanan o müqəddəs mübarizəyə bütün gəncliyimizi həsr etdik. Bu mübarizənin uğruna şəxsən mənim yüzlərlə dostum, silahdaşım can verdi. Əldə etdiyimiz nəticə, qazandığımız nəaliyyət sözsüz ki, misilsiz oldu. Biz, çoxlarının təsəvvürünə belə gətirə bilmədiyi milli müstəqilliyimizi qazandıq. Şəxsən mən, Nemət Pənahlı, Milli Azadlıq Mübarizəsinə möhürünü vurmuş bir insan olaraq deyə bilərəm ki, Azərbaycanın istiqlaliyyəti mənim üçün dünyada hər şeydən, canımdan belə daha dəyərli və daha önəmlidir. Onun qorunub saxlanması üçün dünyada fəda edə bilməyəcəyim heç bir şey yoxdur. Ona görə də bu gün mənim ən böyük yanğım qəsb olunmuş torpaqlarımızın da azad olunmasıdır. Düşünürəm ki, bu gün Azərbaycanda illərlə gözlədiyimiz siyasi bir şərait yaranmışdır. Baş vermiş siyasi olaylar haqqda ala bildiyim qədər məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu siyasi fürsət torpaqlarımızın geri alınması üçün misilsiz bir şansdır. Müharibə havasının əsməsi ilə minlərlə Azərbaycan övladının könüllü olaraq savaşa qatılmaq istəyi bir daha sübut etdi ki, bu xalq hər şeydən daha çox ana-bacılarımızın qisasını almaq, şəhidlərimizin qanını yerdə qoymamaq arzusu ilə yaşayır. Bu fakt mənə bu həbsxana divarları arasında elə bir fərəh hissi yaşatdı ki, illər öncəsinə, Azadlıq Meydanına qayıtdım və “bəli” dedim, “mən bu xalqı tanıyıram, onu artıq bir dəfə Meydanda görmüşəm”. Onun əzəməti, onun cəsarəti ilə bağlı heç vaxt şübhəm və tərəddüdüm olmayıb. Dəfələrlə inamımı sındırmağa çalışsalar da həmişə əmin olmuşam ki, 88-ci ildəki kimi söz demək məqamı gələndə bu xalq öz sözünü deyəcək. Budur Cənab Prezident! Əminliklə deyə bilərəm ki, əgər bu gün Qarabağda müharibəni başladıb torpaqlarımızın geri alınması uğrunda səfərbərlik elan etsəniz bu cəmiyyətin bəlkə də ən narazı nümayəndəsi belə arxanızda duracaq. Əmin olun ki mən bunu elə belə, söz xatirinə demirəm. Mənim xalqım ruhumun və varlığımın bir parçasıdır. Onu hiss etməməm mümkün deyil. Ona görə də bu gün sizə bu müraciəti yazarkən Qarabağda müharibəni başladacağınız təqdirdə bütün cəmiyyəti, hətta ən qatı müxalifət nümayəndələrini belə sizə dəstək olmağa çağırıram. Əminəm ki, həqiqi mənada vətənini və millətini sevən hər bir kəs də mənim bu müraciətimi dəstəkləyəcək. Şəxsən mənə gəlincə isə Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə sizə hər şeyi, qanımı belə halal edirəm. Eyni zamanda 18 yaşı yenicə tamam olmuş, dörd gözlə müharibənin başlayacağı günü gözləyən böyük oğlumun da bu savaşa qatılmasından sadəcə bənzərsiz bir qürur hissi duyacağımı diqqətinizə çatdırmaq istəyirəm. Cənab Prezident! Əmin olun ki, bu tarixi fürsətin düzgün dəyərləndirilməsi bir millət olaraq bizə, bir dövlət başçısı olaraq da da sizə əsrin ən böyüq müvəffəqiyyətini qazandıracaq”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !