Prezidentin 2015-ci il sentyabrın 12-də imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib. Prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla "Azərbaycan Dəmir Yolları " Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.
Qeyd edək ki, sonuncu fərmanda nəzərdə tutulan hallara nəzarəti əvvəllər nəqliyyat müfəttişləri həyata keçirirdi. Sərnişindaşıma ilə məşğul olan avtobus və taksi sürücülərinin nəqliyyat müfəttişlərinin fəaliyyətindən narazı qalması da hər kəsə məlumdur.
Onların qanunazidd fəaliyyətləri barədə mətbuatda nə qədər istəsən video, reportaj tapmaq mümkündür. Bu baxımdan nazirliyin fəaliyyəti ilə bağlı əsas narazılıq yaradan bir qurumun səlahiyyətlərinin əlindən alınması ictimaiyyətdə müsbət qarşılanıb.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az saytının səlahiyyətləri azaldılan qurumun ləğv edilib-edilməyəcəyi ilə bağlı sualına aydınlıq gətirib: "Qurumun bir çox səlahiyyətlərinin yol polisinə verilməsi ilə bağlı ixtisarlar qaçılmazdır.
Hazırda həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, həm "Bakı Sərnişin Yük Daşımaları” Məhdud Məsuliyyətli Cəmiyyətdə siyahının hazırlanması və digər məsələlərə baxılır. Yaxın günlərdə nəticələrin Nəqliyyat Nazirliyinə təqdim edilməsi gözlənilir. Təbii ki, ixtisarlar olacaq, amma onlardan bəzilərinin işlə təmin olunması da mümkündür”.
Namiq Həsənov qeyd edib ki, müfəttişlik tamamilə ləğv edilməyəcək:
"Elə məsələlər var ki, onlar üçün ştata ehtiyac qalmayıb. Müəyyən mənada fəaliyyət var. Hətta avtobuslarda bəzi funksiyalar nəqliyyat müfəttişlərinə şamil ediləcək, amma bildiyiniz kimi, daha çox funksiyalar yol polisinə verilib. Bizdə qalan funksiyalarla bağlı müfəttişlər fəaliyyətini davam etdirəcəklər. Səlahiyyət azaldıldığından biz də nəzərə alırıq ki, bu funksiyaların yerinə yetirilməsi üçün mövcud ştat vahidlərinin sayı çoxdur.
Ona görə də ixtisarlar mütləqdir”. İşçilərin konkret sayına gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda dəqiqləşdirmə aparılır: "5-10 nəfər yox, yüzlərlə adamdan söhbət gedir. Bu qədər insanın taleyi birdən-birə həll olunanda məsələyə ehtiyatla yanaşılmalıdır. Dəqiq siyahı barədə məlumat yaxın günlərdə əlavə məlumat veriləcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !