Marixuanadan istifadə etdikdən sonra təyyarəyə minən sərnişin qorxulu anlar yaşadıb.
ANN.Az-ın ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, 27 yaşlı Lemar Şeron Rocdersin aqressiv hərəkətləri "Southwest Airlines" aviakompaniyasına məxsus təyyarənin Portlend aeroportunda təcili eniş etməsinə səbəb olub.
Hadisə cümə axşamı günü baş verib, ancaq bu barədə xəbər mətbuatda cümə günü yayılıb.
Rocders təyyarənin bortuna minən kimi özünü qəribə aparmağa başlayıb. O təkid edib ki, onu təyyarənin biznes klasında əyləşdirsinlər, amma belə bir klas təyyarədə olmayıb. O öz yükünü ortalıqdan götürməkdən də imtina edib, digər sərnişinlərlə kobud davranmağa başlayıb və stüradessadan ona nəzərdə tutulandan daha çox şərabın verilməsini tələb edib. Sonra o, pilotla görüşmək istəyib. Beləliklə də, təyyarə Portlenddə təcili eniş etməli olub, burada yerli polislər Rocdersi həbs ediblər.
Rocders etiraf edib ki, təyyarəyə minməzdən öncə, o, marixuanadan istifadə edib, ancaq onun narkotik təsirini hiss etməyib.
Yaxın vaxtlarda gənc təyyarə ekipajının işinə mane olduğuna görə, məhkəməyə çıxarılacaq.
ANN.Az