Millət vəkili Qənirə Paşayeva Parlamentdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan baş nazir Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsinin və ona abidə ucaldılmasını təklif edib.APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin M. Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə alqışlandığını və müsbət qəbul olunduğunu deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, həmin hökumətin ilk baş naziri olan Nəsib bəy Yusifbəylinin qəbrinin bu günədək harda olması dəqiq bilinmir: "Bu istiqamətdə dövlət səviyyəsində geniş araşdırmalara, tədqiqatlara ehtiyac var. Mən təklif edirəm ki, Nəsib bəy Yusifbəyliyə ya Bakıda, ya da Gəncədə heykəli və ya abidəsi ucaldılsın və onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha geniş addımlar atılsın. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və baş nazirlərindən biri olaraq millətimiz üçün böyük işlər görmüş böyük şəxsiyyətlərdən biridir və onun xatirəsinin yüksək səviyyədə əbədiləşdirilməsi və onun gənc nəsillərə daha geniş tanıdılması çox önəmlidir". Millət vəkili Qənirə Paşayeva bildirib ki, ondan əvvəl çıxış etmiş həmkarları Fazil Mustafanın Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi və Qüdrət Həsənquliyevin "Sahil" bağının "Cümhuriyyət" bağı adlandırılması ilə bağlı təkliflərini dəstəkləyir və hesab edir ki, bu, tariximiz, bugünkü və gələcək nəsillərimiz üçün çox vacib və əhəmiyyətlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !