David Herzerhorn yazır ki, yanvar ayı xüsusən gərgin və qanlı keçib. Belə ki, daimi olaraq hər iki tərəf artileriya və raket silahlarından istifadə edir. 23 yanvar tarixində açılan atəşlər nəticəsində iki erməni və üç azərbaycanlı əsgər ölüb və hər iki tərəfdən bir çox yaralanan olub.
Jurnalist yazır ki, gərginliyin artması və atəşkəsin pozulması Minsk qrupunun üzvlərini atəşin dayandırlması ilə bağlı kəskin çıxış etməsinə səbəb olub. Minsk qrupu hər iki tərəfin hərbi əməliyyatları dayandırmasını və üzərlərinə götürdükləri öhdəçiliklərə əməl etməsini tələb edib.
Qəzet gərginliyin artmasına səbəb kimi "erməni genosidinin” 100 illiyinin yaxınlaşması olduğunu göstərib.
Məqalənin müəllifi, prezident Əliyevin Azərbaycanın ümumi büdcəsinin Ermənistanın ümumi büdcəsindən 7 dəfə, hərbi büdcəsinin isə Ermənistanın ümumi büdcəsi qədər olduğu ilə bağlı çıxışına istinad edir. Müəllif məqaləsində, Ermənistanın prezidenti Serj Sarksyanın cavabına da - "qızmış başlar gələcək sürprizi də nəzərə almalıdır” – yer verib.
Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifə tutan polkovnik Abdulla Qurbani Herzerhornu qoşunların yerləşdiyi sərhəd boyu gəzdirərkən deyib: "Bizim belə bir deyimimiz var: "Su torpaqla qarışanda palçıq olur. Qan torpaqla qarışanda vətən”.
Ermənistanın işğal nəticəsinə bir çox azərbaycanlının qaçmağa məcbur olduğu Şuşa şəhərində yaşayan Anaida Qabrielyan jurnalistə deyib: "Bu torpaq bizim qanla suvarılıb, ona görə də biz bu torpaqları geri verməyəcəyik”.
Şuşa Dövlət Tarix Muzeyinin rəhbəri Qayne Qevorkyan deyib: "Bu bizim torpaq, bizim vətəndir. Biz həmişə onu qoruyacağıq. Biz İsa peyğəmbərdən əvvəl böyük Ermənistanın bir hissəsi olmuşuq. Şuşa onların vətəni deyil, buna görə də onların bura geri gəlmə hüquqları yoxdur.”
Əvvələr azərbaycanlıların daha çox olduğu Şuşa şəhərində yaşayan Qayne Qevorkyan sonda deyib: "Biz bunları öz uşaqlarımız üçün edirik, bizim daha başqa gedəcək yerimiz də yoxdur”.
Juranlist yazır ki, əsgərlər daxil olmaqla yeni nəsil erməni və azərbaycanlı gənclər əvvəllər onların valideyinlərinin, babalarının, nənələrinin qonşu kimi sülh içərisində yaşadıqlarını xatırlamırlar. Bu sülh, ermənilərin Azərbaycandan, azərbaycanlıların Ermənistandan və onların işğal etdiyi ərazilərdən qovulandan sonra sona çatdı.
Məqalənin yazarı hər iki tərəfə - bir tərəfdə xristian ermənilərinin, digər tərəfdə müsəlman azərbaycanlılarının yaşadığı - səfər etdikdən sonra bu fikrə gəlir ki, əslində düşmənçiliyin kökü dini - istər real, istər xəyali – xarakterlidir.
Daha sonra jurnalist yazır ki, qovulmuş Şuşa şəhər rəhbərliyi Azərbaycanda hələ də fəaliyyət göstərir. Şuşa İcra Hakimiyyətinin rəhbəri olan Bayram Səfərov deyib: "Bizim yeganə məqsədimiz geri qayıtmaqdır. Mən Şuşadakı bütün daşların yerin əzbər bilirəm”.
Jurnalist yazır ki, yüzminlərlə qaçqın pis şəraitdə yaşamaqdadır. Elə ailələri var ki, illər uzunu ümumi yaşayış yerlərində ümumi hamamdan, tualetdən istifadə edərək yaşayıb.
Məqalənin yazarı, müharibədən əvvəl Bakıda yaşamış amma hazırda ermənilər tərəfindən Stepanakert, azərbaycanlılar tərəfindən Xankəndi adlanan yerdə xırdavat məhsulları satan İrina Xaçaturyan haqqında yazıb. "Ora mənim vətənim idi. Mən orda anadan olmuş, orda böyümüş və orda məktəbə getmişəm”. İrina ermənilər arasında yaşasa da, Xankəndində özünü evindəki kimi hiss etmir. "Mən özümə yer tapa bilmirəm. 25 ildir mən sanki iynə üzərində yaşamışam”.
Məqalənin sonunda fikirlərini ümumiləşdirən David Herzerhorn narahatlıqla bildirib ki, Qarabağda müharibə başlasa, bu ən geniş miqyaslı, qanlı müharibələrdən birinə çevrilə bilər. Çünki bu müharibəyə Rusiya, Türkiyə və İran da cəlb oluna bilər.
Tərcümə etdi: Emin Aslan
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !