Newsweek: «Rusiya Azərbaycan və Ermənistanı silahlandırır»

14:51 | 18.02.2015
Newsweek: «Rusiya Azərbaycan və Ermənistanı silahlandırır»

Newsweek: «Rusiya Azərbaycan və Ermənistanı silahlandırır»

«Dağlıq Qarabağda döyüşlərin qızışmasının ardınca təhlilçilər iki ölkə arasında «müharibənin təsadüfən başlayacağı» barədə xəbərdarlıq edirlər. Onların fikrincə, hətta Rusiya münaqişədən regionda gücünü artırmaq üçün yararlana bilər». Bunu «Newsweek»-də Felicity Capon yazır.
 
Müəllif bu ilin əvvəlindən münaqişədə azı 10 nəfərin həlak olduğunu qeyd edir. Ekspertlər bu il regionda vəziyyətin pisləşməsinə diqqət çəkirlər. Təkcə yanvarda atəşkəsin 5 min dəfə pozulduğu bildirilir. Ermənistanlı təhlilçi Richard Giragosian Newsweek-ə deyib ki, o, «təsadüfi müharibənin başlaya biləcəyindən, kiçik atışmaların nəzarətdən çıxacağından narahatdır». Onun sözlərinə görə, itki sayı ərazi, coğrafiya ilə tərs mütənasibdir, belə ki, atışmalar adətən yayda qızışır. O, bir neçə aya döyüşlərin arta biləcəyini deyir.
 
Tərəflər daha çox silahdan istifadəyə meyllidir. Azərbaycan və Ermənistan dünyada ən çox silahlanmış 10 ölkə sırasındadır. Və Rusiya hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Bir tərəfdən Ukrayna böhranı, digər tərəfdən Gürcüstanla münasibətlərini nəzərə alsaq, ekspertlər narahatdır ki, Rusiya regionda gücünü möhkəmləndirmək üçün daha riskli hərəkətə gedə bilər. 
 
Giragosian deyir ki, Rusiya üçün ən yaxşısı status kvonun saxlanmasıdır: nə hərb, nə sülh. Ancaq Putin rıçaq əldə etmək üçün döyüşləri qızışdıra, sülhməramlı yerləşdirə bilər. «Ukrayna hadisələri göstərdi ki, Moskvadan rasional hərəkət gözləməyə dəyməz».
 
Digər tərəfdən Azərbaycan mətbuatı ABŞ-ın Dağlıq Qarabağ rejimini silahlandırdığını yazıb. «Newsweek» bu iddiaların kökünü tapa bilməyib, ancaq Giragosian deyib ki, Amerika əvvəllər də yardım edib, son iki ildə isə yadıma nəzarət mümkün olmadığı üçün dayandırılıb.

Londonda yerləşən Hərb və Sülh İnstitutundan John Macleod deyir ki, işlər doğrudan da pisləşib: «Rusiyanın indiki maraqları və duruma nə dərəcədə müdaxilə etdiyini bilmirik. Ancaq rusiyalılar regionda fəal oyunçulardır və ərazi maraqları da var». Macleod da inanır ki, Rusiya nüfuzunu saxlamaq üçün regiona «sülhməramlılar» göndərə bilər.
 
Müəllif dinc sakinlərin də atışma qurbanı olduqlarını vurğulayır. «Münaqişənin vaxtı da mühüm tarixə təsadüf edir, bu il Türkiyədə ermənilərin soyqırımının 100 illiyi qeyd olunur. Onsuz da gərgin vəziyyət daha da ağırlaşa bilər».
 
QƏRB MOSKVA ÜÇÜN KONSTRUKTİV ROL TAPA BİLMƏDİ 
 
«Financial Times»da Robert Hunter yazır ki, ötən həftə Minskdə əldə olunmuş atəşkəs ən yaxşı halda başlanğıcın sonu oldu – hətta deyəsən ola da bilmədi. «Vladimir Putinin Krımı tutması, onun Ukraynada sabitsizlik yaratmaq cəhdləri, periferiyasındakı digər ölkələri qorxutması bir suala cavabdır: Qərb sovet imperiyasının qalıqları ilə necə davranmalıdır? Onlar düzgün şəkildə rədd edilib. Ancaq Qərbin cavabı - sanksiyalar, Kiyevə döyüş silahları – sadəcə, taktikadır. Bizə strategiya lazımdır,» müəllif yazır.
 
Heç nə Putinin beynəlxalq sazişləri pozmasına haqq qazandıra bilməz. Ancaq biz də keçmişi anlamadan strategiya yarada bilmərik. Vaxtilə Moskva daha az əməkdaşlığa meyl göstərsə də, Qərb (xüsusilə də ABŞ) Rusiyanın zəifləməsindən faydalanıb. Amerikanın Mərkəzi Avropada müdafiə raketləri yerləşdirmək qərarı NATO-nun həmin əraziyə qüvvə göndərməmək öhdəliyinə ziddiyyət təşkil edib.
 
NATO 2008-ci ildə Ukrayna və Gürcüstanı «gələcək üzvləri elan etdi».

Gürcüstanın o zamankı prezidenti Mikheil Saakashvili 2008-ci ildə həmin öhdəliyi sınaqdan keçirəndə, cənab Putin Gürcüstan ərazisinə əsgər göndərdi. NATO-nun heç bir üzvü Gürcüstana kömək etmədi. Ola bilsin cənab Putinin i vaxt öyrəndiyi dərslər onun indi Ukraynada törətdiklərini izah edə bilər.
 
"Uğursuzluq baha başa gələr. Bu, Rusiyanın uzun müddətə təcridi, daha çox münaqişə, ukraynalıların daha çox əziyyət çəkməsi və Avropanın qalan hissəsi üçün davamlı qeyri-müəyyənlik deməkdir... Amerikanın Avropada liderliyi danılmazdır. Müttəfiqləri də ABŞ-dan daha çox hərəkət istəyir. ABŞ Avropada qalmalı və Rusiya ilə məşğul olmalıdır. Özünün və Avropanın maraqları naminə, ABŞ bu sövdələşmədə öz hissəsinə əməl etməlidir".
 
Müəllif Robert Hunter 1993-1998-ci illərdə ABŞ-ın NATO-da səfiri olub.
 
PUTİN-in REAGAN-dan ÖYRƏNDİKLƏRİ

«Foreign Policy»də Stephen M. Walt Rusiyanın indiki davranışlarını ABŞ-ın keçmiş prezidenti Ronald Reagan-la müqayisə edir: 

«1980-ci illər başlayanda, amerikalıların çoxu düşünürdü ki, sovet hakimiyyəti güclənir və Moskvanın iştahı artır. Reagan bu qorxularla Oval Ofisdən oturub düşünüb daşındı və ölkəni inandırdı ki, hərbini gücləndirmək gərəkdir. Reagan xüsusilə sovetin Qərb yarımkürəsinə yaxınlaşmasını dayandırmağa çalışırdı. Nikaraquada Sandinista hərəkatı amerikapərəst diktaror Anastasio Somoza Debayle-ni devirmiş, Kuba ilə münasibət yaratmağa başlamışdı. Buna cavab olaraq Reagan hökuməti Sandinista əleyhinə qüvvələri təşkilatlandırdı, silahlandırdı və arxalarında durdu».
 
«Nəticə nə oldu? Vətəndaş müharibəsi 35 min nikaraqualının həyatına son qoydu. Bu rəqəm Nikaraqua əhalinin 2 faizinə bərabər idi... Reagan və Birləşmiş Ştatlar o zaman səhv addım atdılar, indi də Putin və Rusiya yanlış hərəkət edirlər».

«Nə qədər xoşumuza gəlməsə də, böyük dövlətlər sərhədlərindəki siyasi şərtlərə həssas yanaşırlar. Maraqlarını qorumaq üçün gücdən istifadəyə meylli olurlar. Məhz Qərbin bu əsas faktı anlamaması Ukrayna böhranının niyə yaranmasını və həllinin çətinliyini izah edir».

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM