Nemət Əliyev: " Azərbaycanda orta əmək haqqı Ermənistan və Gürcüstandan aşağıdır"

19:07 | 19.06.2019
Nemət Əliyev:

Nemət Əliyev: " Azərbaycanda orta əmək haqqı Ermənistan və Gürcüstandan aşağıdır"

Azərbaycanda minimal əmək haqlarının 180 manatdan 250 manatadək artırılması barədə qərar verilib. Bəs görəsən iqtisadçı ekspertlər bu hadisəni necə qiymətləndirirlər? Bu artımın nə kimi təsirləri ola bilər? 
 
 
İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, müstəqil Azərbaycanın yeni tarixində bu misildə artım heç vaxt olmayıb. Nəticədə yaranmış vəziyyət daxili bazarın genişlənməsinə, işgüzar fəallığın artmasına təkan olacaq.

Ekspert bildirib ki, minimum aylıq əməkhaqqının artırılması dövlət sektorunda çalışan və 250 manatdan aşağı əməkhaqqı alan şəxslərlə yanaşı, özəl sektorda çalışan, lakin həmin məbləğdən az alan şəxslərə də şamil olunur.
 
"Dövlət bu sərəncamın qüvvəyə minməsində stimullaşdırıcı rol oynayır. Çünki dövlət sektorunda, büdcə təşkilatlarında əməkhaqqının artımı büdcədən maliyyələşməyən sahələri də stimullaşdırıcı vasitələrlə maaşların artımına sövq edir", - deyə oxu.az-a açıqlamasında ekspert  vurğulayıb. 

Azərbaycanda orta əməkhaqqı qonşu Ermənistan və Gürcüstandan aşağıdır.  Bunu isə Anews.az-a açıqlamasında iqtisadçı ekspert Nemət Əliyev deyib.
 
Onun sözlərinə görə, minumum əmək haqqının qaldırılmasına dair dövlət başçısının verdiyi bu sərəncam ümumilikdə müsbət qiymətləndirilməlidir. Çünki ölkədə bu günə olan minumum  əmək haqqı 180 manat olub ki, bu maaşla da  dolanmaq mümkün deyil.
 
"İşləyən əhali qrupunun 180 manata sərf etdiyi fizioloji enerjini bərpa etmək mümkün deyil. 180 manat bir nəfərin əmək haqqı səviyyəsinə düz gəlmir. Nəzərə alsaq ki, bu gün minumum əmək haqqı alanların sayı 600 min nəfərdir, bu böyük bir insan ordusu deməkdir. 600 min nəfər insanın aylıq 180 manata dolana biləcəyini düşünmək sadəlövlük olardı. Açığı bu baxımdan orta minumum əmək haqqının 250 manata qədər artırılması normal bir addımdır. Sadəcə bir sual ortaya çıxır. Bəs minumum 250 manat maaş yetərlidirmi? Məsələnin əsas sual məncə budur. Ümumilikdə baxanda 250 manatın özü də bir böyük məbləğ deyil. Biz bunu dollarla ifadə etsək 147 dollar edir. Bu da çox aşağı bir məbləğdir. Dövlət başçısının qəbul etdiyi bu sərəncam 950 min nəfərə şamil olunacaq. Yəni belə çıxır ki, ölkədə 1 milyon 580 min nəfərin  950 mini əməkhaqqı alanların gəliri 250 manatdır. Ölkədə 1 milyon 580 min nəfər əmək haqqı alan muzdlu işçi var. Onun da 950 min nəfəri yəni 60 faizinin gəliri 250 manat olacaq".

EKspert bildirir ki, Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya yatırıldığına dair hökümət açıqlamalar yayıb. Qeyd olunur ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına hökümət 250 milyard dollar investisiya yatırıb. Bəs necə olur ki, belə olan halda muzdlu işçilərin 60 faizinin minumum əmək haqqı 250 manat edir.
 
"Azərbaycanı başqa ölkələrlə, daha doğrusu qonşu ölkələrlə müqayisə etsək Ermənistan, Gürcüstanla görərik ki, nə qədər fərq var. Azərbaycanda ölkə üzrə orta əməkhaqqı təxminən 340 dollardır. Amma bu yaxınlarda Gürcüstandan açıqlama verildi ki, Gürcüstanda orta aylıq əmək haqqı məbləği 400 dollardı. Ermənistanda da təxminən 400 dollardır. Necə olur ki, Ermənistan və Gürcüstan son 15 il ərzində 100  min milyard yatırım etsələr Allahlarına şükür edərlər. Buna baxmayaraq onlar əhalinin orta əməkhaqqı bizdən çoxdur. Onların da 60 faizinin əmək haqqı hələ sentyabr ayından 250 manat olacaq. Bu həqiqətən acınacaqlı bir vəziyyətdir".

Nemət Əliyevin sözlərinə görə,  sentyabr ayından qiymətlərin səviyyəsində bahalaşmaya doğru  artımlar olacaq.  Azərbaycanda hökumət əmək haqqı artımları edəndə bir qayda olaraq onu elə edirlər ki, əmək haqqı əllərə çatmamış qiymətlərdə qəti şəkildə bahalaşma müşahidə olunur. "Faktiki olaraq 10-15 faiz inflyasiya  yaşanır. Rəsmi açıqlamalara istinadan apardığımız hesablamalar belə deməyə əsas yaradır. Bu ilin yanvar-aprel aylarında qiymətlərdə təxminən əmtəə bazarında 14-15 faizlik, ümumi istehllak bazarında isə 10-11 faizlik  bahalaşma qeydə alınıb. Sentyabra kimi bahalaşma səviyyəsi bir az da artacaq. Belə çıxır ki, artımlar nəticə etibarı ilə bahalaşmanın yeminə çevriləcək.", - deyə Əliyev vurğulayır.
 

Ekspertin fikrincə, ortada başqa bir məsələ də var ki, umumiyyətlə hökümətin əmək haqqı siyasəti çox yanlışdır və uyğun olmayan bir siyasətdir. Dövlət başçısının sərəncamı ilə minumum əmək haqqı səviyyəsi artırılır. Bu ancaq anaq Mərkəzi Seçki Komitəsinin sədrinin, katibinin əmək haqlarına təsir edir. Ümumilikdə  minumum əmək haqqının səviyyəsi aşağı – yuxarı hardasa 39 faizə yaxın artacaq. Ancaq Mərkəzi Seçki Komissiyasının sədrinin və üzvlərinin maaşı isə 50 faiz artır. Reallıqla düşünsək aydın olacaq ki, Mərkəzi Seçki Komisiyasının ehtiyacları daha çoxdur yoxsa  580 minin ümidinə buraxılan minlərlə insanın? Əlbəttə bir mənalı şəkildə cavab aydındır. 180 manatla 2040 manat arasında görün nə qədər fərq var. 2040 manat maaş alanın maaşı 1040 manat məbləğində artırılır".
 

Bəs görəsən hökümət maaş artımlarını hansı hesabla təmin edəcək. Tutaq ki, Azərbaycan iqtisadiyyatında yanvar – aprel dövründə rəsmi açıqlama belədir ki, 2,1 faiz artım əmələ gəlib. Əgər ölkə iqtisadiyyatı 2,1 faiz artırsa o zaman bu 40-60 faizlik əmək haqqları hansı mənbələrin hesabına necə təmin olunacaqdır? İstehsalın genişləndirilməsinə yönələn vəsaitlərin azalmasına mənfi təsir etmiyəcəkmi?
 
Ekspertin fikrincə, ancaq 180 manat maaş alanların  əmək haqqı təxminən 70 manat artırlır. "Əslində ortaya yanlış nəticə çıxmamalıdır ki, guya əmək caqqı artımlarının yüksək səviyyədə həyata keçirilməsinin tərəfadarı deyilik. Yox. Biz bunun tərəfdarıyıq. Dövlət büdcəsindən yayındırılan maliyyə vəsaitlərinin yaxud dövlət şirkətlərinin yeminə çevrilən milyonların dövlət büdcəsinin əldə olunması hesabına həyata keçiriləcəksə bunu alqışlamaq olar. Mən şəxsən inanmıram ki, Dövlət Neft Şirkətinin, Azərbaycan Dəmir Yollarının, Metropolitenin, AZAL-ın və s bu kimi şirkətlərdə şübhəli istiqamətlərə ayrılan maliyyə vəsaitlərinin dövlət büdcəsindən səmərəli istifadə olunması istiqamətində ciddi addımlar atılacaq. Halbuki əmək haqqı artımlarına lazım olan maliyyə vəsaitlərini bu istiqamətdən cəlb eltmək lazımdır”.
 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM