"Parkın vəziyyəti Azərbaycan xalqı üçün bir təhqirdir”.
"Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev iki gündür ki, Dərbənddən qayıdıb.
anews.az xəbər verir ki, İstipress ondan müsahibə alıb.
- Ötən həftə Dərbənd şəhərindəki Nizami Gəncəvi adına parkda yanğın baş verdi. Səfər zamanı bu məsələ ilə maraqlandınızmı?
- Bəli, Dərbənd şəhərində olarkən ənənəvi olaraq N. Gəncəvi adına parka baş çəkdim. Ötən həftə burada yanğın baş verib. Müəyyən ərazilərdə kol-kos yanıb. Bilirsinizmi, Heydər Əliyev prospektinin kənarında yerləşən park çox acınacaqlı durumdadır. Bu barədə dəfələrlə yazmışıq. Təxminən yeddi hektar sahəni əhatə edən parka zaman-zaman təcavüz edilib. Gah Nizami Gəncəvinin heykəlinin barmaqları sındırılır, gah da kol-kosa od vurulur. Təbii ki, müəyyən təxribatçı qrupların işidir. Məsələ bunda deyil. Bəs biz niyə Dərbənd şəhərində dahi şairimizin adını daşıyan parka belə laqeyd yanaşırıq?
H. Əliyev adına prospekt təmir olunanda parka da bəzi tikinti avadanlıqları gətirilib. Bu iş Azərbaycan tərəfindən maliyyələşdirilib. Elə prospektdə də təmir işləri tam başa çatmayıb, parkda isə heç bir iş görülməyib. Adamı qorxudan budur ki, bir gün N. Gəncəvinin abidəsi də yoxa çıxar. Söhbət təkcə Azərbaycan tərəfindən getmir. Dərbənddə 150 minə yaxın azərbaycanlı yaşayır. Onların içərisində az da olsa, vəzifədə işləyənlər, imkanlı şəxslər var. Məsələn, Dərbənd şəhər deputatlar yığıncağının sədri Mövsüm Rəhimov etnik azərbaycanlıdır, uzun illərdir ki, bu vəzifədə çalışır.
Necə ola bilər ki, azərbaycanlı olasan və kimlərinsə qorxusundan heç bir fəaliyyət göstərməyəsən? Azərbaycanlı olmaq bir tərəfə, axı M. Rəhimov icra başçısından sonra şəhərdə ikinci vəzifəli şəxsdir. N. Gəncəvinin abidəsi Sovetlər Birliyi dövründə qoyulub. Parkın indiki vəziyyətinə görə, sədr bir vəzifə məsuliyyəti daşıyır. Dərbənddə olarkən eşitdim ki, bu yaxınlarda Mövsüm müəllim Bakıda qız övladına toy edəcək. Doğrudur, yalandır bilmirəm. Allah xoşbəxt etsin. Bu məsələ Dərbənd azərbaycanlıları arasında çox müzakirə olunur.
Deyirlər ki, toy Bakının məşhur və bahalı şadlıq saraylarından biri olan "Hollivud”da baş tutacaq. Olsun, kimin nəyə imkanı çatırsa, ona da uyğun hərəkət edir. Bu, şəxsən məni maraqlandıran məsələ deyil.
Bəs, N. Gəncəvi adına parkın "toyu” nə vaxt olacaq? Əgər belə imkanlı şəxssənsə və tutduğun vəzifən müəyyən işlər həyata keçirməyə imkan verirsə, olmazmı ki, parkın da dərd-sərinə bir əncam çəkəsən?
Axı ən azından azərbaycanlısan.
Dərbənd şəhərində müxtəlif millətlərin vəzifəli və imkanlı şəxsləri çox iş görürlər. M. Rəhimov da bir neçə obyektə sahibdir. Onun Dərbənd şəhərindəki "Şəhristan” restoran-hotel istirahət mərkəzi ən bahalı məkanlardan biridir. Sağlığına qismət. Amma N. Gəncəvinin abidəsi fonunda bu azərbaycanlının məşhur obyekti insanda ikrah hissi doğurur. Deməmək olmur, insan azərbaycanlı adını daşıyaraq bu parkdakı bərbad vəziyyətə necə dözə bilər? Adi bir iməclik keçirib ərazini kol-kosdan, zir-zibildən təmizləmək, ağac əkmək çətin bir işdirmi? Necə olur ki, Dərbənd şəhərindəki erməni kilsəsində vaxtaşırı belə tədbirlər görülür. Hətta Şimali Qafqazın müxtəlif bölgələrindən ermənilər buraya gələrək kilsəyə hər cür kömək göstərirlər.
Məndə olan məlumata görə, Ermənistan da mütəmadi bu kilsəyə yardım edir. Baxmayaraq ki, Dərbənddə ermənilərin sayı çox azdır. Nə vaxtadək biz bir millət olaraq mağmın və gözüqırpıq olacağıq? Məni yandıran budur.
- Bəs Heydər Əliyev adına prospektdə vəziyyət necədir?
- Prospekt şəhərin mərkəzi hissəsində yerləşir. Mərhum prezidentin adını daşıyan küçədə müəyyən işlər görülüb. Buradakı binaların üstünə alkapon vurulub, bəzi səliqə-səhman işləri aparılıb. Amma təmir tam başa çatmayıb. Küçənin asfalt örtüyünün müəyyən hissələri yaxşı vəziyyətdə deyil. Bəzi yerlərdə alkaponlar sındırılıb və s. Dediyim kimi, sözügedən park da bu ərazidə yerləşir.
Mən bu prospektdə görülən işlərin kimlər tərəfindən həyata keçirildiyini dəqiq bilmirəm. Amma belə olmamalı idi. Dediklərimdən savayı, Dərbənd şəhərindəki Azərbaycan Dram Teatrı da bərbad vəziyyətdədir. Azərbaycan tərəfi bu binanın əsaslı təmiri üçün vəsait ayırıb. Lakin heç bir iş görülmür.
İndi də Dağıstan Nazirlər Kabineti bizim vəsaitimizlə şəhərin kənarında yeni teatr binası tikmək istəyir.
Axı niyə bu mədəniyyət ocağı öz yerindən köçürülməlidir, əgər yenisini tikmək zərurəti yaranıbsa, köhnəsini söküb yerində yenisini inşa etsinlər. Nə isə.
Qulağımızın dibində yerləşən Dərbənddə azərbaycanlıların problemləri çoxdur. Onların həlli təxirəsalınmazdır. Mən üzümü Azərbaycanda yaşayan sahibkarlara tuturam: Qədim Azərbaycan torpağı olan Dərbəndə tez-tez baş çəkin, bu şəhərdə barmaqla sayılacaq mədəniyyət ocaqlarımızın halına yanmağı da bacarın. Bilin ki, Dərbənddə Nizami Gəncəvi adına parkın vəziyyəti Azərbaycan xalqı üçün bir təhqirdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !