"Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidinin tikintisi yekunlaşıb.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər.
Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.
Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə, sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.
Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə "Bulvar” hotel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.
Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !