Nobel komitəsinin pul mükafatının miqdarı Nobel Fondunun gəlirlərinə uyğun olaraq ildən-ilə dəyişir. Bu il isə mükafata təqribən bir milyon dollar təşkil edir. Bəs laureatlar mükafatları hara xərcləyirlər?
Stokholmda Nobel həftəsi yekunlaşdı. Dünyada tanınmaqdan, Alfred Nobelin təsviri həkk olunmuş medaldan və diplomdan başqa laureatlar pul da alırlar. Bu məbləği onlar istədikləri kimi xərcləmək hüququna malikdirlər. Bəs bu pullar hara xərclənir?
Xeyriyyəçilik
Pul mükafatlarını müxtəlif xeyriyyə fondlarına köçürmək Nobel mükafatı laureatları arasında ənənə halını alıb. Tereza Ana (1979-cu ildə Nobel Sülh mükafatını alıb) mükafat pulunu kasıblar üçün sığınacaqların tikilməsinə xərcləmişdi. Bundan başqa, 2 min yoxsul insan üçün Milad naharı təşkil etmişdi.
Başqa bir Nobel sülh mükafatçısı Mixail Qorbaçov etiraf edir ki, aldığı bütün pulları SSRİ-nin büdcəsinə köçürübmüş. Bu vəsaitlə Rusiya, Belorus və Ukraynada xəstəxanalar tikilib.
2009-cu ildə sülh mükafatı almış Barak Obama 1,4 milyon dollar həcmində olan mükafatı bir neçə xeyriyyə təşkilatı arasında bölüşdürdü. Obamanın siyahısında birinci yerdə Haitidə zəlzələdən zərər çəkmişlərə kömək edən Buş-Klinton Fondu dururdu. Obama bu məqsədlə fondun hesabına 200 min dollar keçirdi. 50 min dollar isə Amerika veteranları və onların ailə üzvləriylə işləyən "Fişer Haus" təşkilatı aldı. Qalan məbləğ isə kiçik hissələrlə Afrika və Mərkəzi Asiya dövlətlərində maarifləndirici və sosial proqramlar həyata keçirən xeyriyyə təşkilatlarına və fondlara köçürüldü.
Elm sahəsinə ayırmalar
Nobel laureatı Jores Alfyorov Təhsil və Elmə dəstək Fondunun əsasını qoydu. Onun inkişafına o, 75 min dollar - aldığı Nobel mükafatının üçdə birini verdi. "Fondun əsas məqsədi - ölkə təhsilinin inkişafına və Rusiya məktəblərində fizika sahəsində fundamental tədqiqatların aparılmasına kömək etmək, iqtisadiyyatın inkişafı üçün ən vacib köməkliyi göstərməkdir” -Alfyorov jurnalistlərə belə demişdi.
İlk rus laureatı (1904-cü il) fizioloq İvan Pavlov öz mükafatını elmi araşdırmaların həyata keçirilməsinə xərclədi. Bu pula akademik Fiziologiya İnstitutunu yaratdı. O, burada 1936-cı ilə qədər direktor işlədi.
1908-ci ildə mükafatı almış mikrobioloq İlya Meçnikov bütün pulunu Parisdə yerləşən Paster İnstitutunun inkişafına xərclədi. Meçnikov bu institutda laboratoriyalardan birinə rəhbərlik edirdi.
Mikrobioloq Andre Mişeli Lvov da mükafatını Paster İnstitutuna köçürmüşdü. Fiziologiya və tibbi üzrə Nobel mükafatını Fransua Jakob, Jak Mono ilə birlikdə alan Lvov ona kəşfi həyata keçirməkdə kömək etdiyinə görə, İnstitutun hesabına keçirmişdi.
Misirli Əhməd Zeveyl (1999-cu ildə kimya üzrə mükafatın laureatı) və amerika alim Pol Qrinqard da (2000-ci ildə tibb sahəsində mükafat alıb) öz kolleqaları kimi davranıblar. Zeveyl mükafatın puluna Misir universitetlərindən biri üçün lazer avadanlığı alıb. Qrinqard isə vəsaitin bir hissəsini tibb sahəsində çalışan qadın tədqiqatçılara kömək edən fondun hesabına köçürdü.
Ehtiyaclarını ödəyənlər
Nobel mükafatı ilə ən qeyri-adi davranan Rokfeller Universitetinin prezidenti Pol Ners olub. 2001-ci ildə tibb və fiziologiya sahəsində Nobel mükafatının laureatı olan Britaniya biokimyaçısı aldığı məbləği öz “Kavasaki” motosiklinin sazlanmasına xərclədi.
1993-cü ildə "bir-birlərindən müstəqil şəkildə genin qırıq-qırıq strukturunu kəşf etdiklərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatını genetiklər Riçard Roberts və Fillip Şarp aldılar. Hər iki alim mükafat pulunu öz maddi ehtiyacları üçün xərclədi. Roberts evinin yanında kroket oyunu üçün meydança düzəltdirdi. Fillip Şarp isə mülk aldı. "Sanki böyük dalğa üzərində uçuram. Mən öz ailəmin arzusunu həyata keçirdim- çox gözəl bağı olan qədim ev aldım"-Nobel laureatı jurnalistlərə etiraf eləmişdi.
Arvada verdi
Deyilənə görə, 1921-ci ildə fizika sahəsində Nobel mükafatı laureatı olmuş Albert Eynşteyn mükafatın bütün məbləğini iki il öncə boşandığı keçmiş arvad Mileve Mariçə veribmiş. Bununla alim Nobel mükafatını alacağı təqdirdə onun pulunu tədqiqatlarda kömək etmiş xanımına verəcəyi barədə bağladığı nikah müqaviləsinin öhdəliyini yerinə yetirib.
Boşandığına görə mükafatın bir hissəsini arvadına verməyə məcbur olanların arasında Amerika iqtisadçısı Robert Lukas da var. 1995-ci ildə ən yüksək mükafata layiq görülən alim 7 il əvvəl arvadıyla bağladığı boşanma müqaviləsinə əsasən alacağı mükafatın 50 faizini ona ödəməli idi. Bəxtsizlikdən alimin həyat yoldaşı ilə bağladığı müqavilə 31 oktyabr 1995-ci ildə qüvvədən düşürdü. Əgər iqtisadçı bir il sonra Nobel mükafatını alsaydı, onda bütün pul özünə qalardı.
Amma 2003-cü ildə fizika sahəsində Nobel mükafatı almış üç laureatdan biri, akademik Vitali Qinzburq və 2002-ci ildə ədəbiyyat üzrə Nobel almış macar yazıçısı İmre Kerteş öz pullarını könüllü olaraq arvadlarına veriblər "Onilliklər boyunca mənimlə ehtiyac və yoxsulluq içində yaşamış həyat yoldaşım mükafatın pulunu istədiyi kimi xərcləməyə layiqdir. Lap özünə pal-paltar və bər-bəzək alsın", - İmre Kerteş jurnalistlərə belə demişdi.
Əyləncə gecələri və səyahətlər
1933-cü ilin dekabrında Paris mətbuatı yazırdı: "Şübhəsiz İ.A.Bunin son illər rus nəsr və poeziyasında ən güclü fiqurdur", "ədəbiyyatın kralı əminliklə və bərabərhüquqlu şəkildə başında tac gəzdirən monarxın əlini sıxdı". Dünya şöhrəti ilə yanaşı 170 min 331 kron əldə edən Bunin pulu səxavətlə xərcləməyə başladı. Şair və ədəbi tənqidçi Zinaida Şaxovskaya yada salırdı: "Fransaya qayıdan İvan Alekseyeviç pulun haqq-hesabını aparmadan ziyafətlər təşkil etməyə, mühacirlərə paylamağa, dəstək məqsədilə müxtəlif cəmiyyətlərə ianə verməyə başladı. Nəhayət, kimlərinsə məsləhətinə uyaraq əlində qalmış məbləği hansısa "uduşlu işə" yatırdı və heç nəsiz qaldı".
Mixail Şoloxov "Sakit Don" romanına görə 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını aldı. Aldığı 62 min dolların bir hissəsini Rostov vilayətində kitabxana və klubun tikilməsinə xərclədi. Qalan pulla Şoloxovun ailəsi səyahətə yola düşdü. "O, uşaqlarına Avropanı və Yaponiyanı göstərmək üçün qalan pulu səyahətə xərclədi. Biz maşınla geninə-boluna İngiltərəni, Fransanı, İtaliyanı gəzib dolandıq", - Şoloxovun qızı Svetlana xatırlayırdı.
SSRİ-dən olan daha bir laureat, 1964-cü ildə mükafat almış fizik Aleksandr Proxorov da Nobel pulunu səyahətə xərcləyib. "Nobel pullarını Qərb banklarından birinə qoydum. Məni xaricə tez-tez dəvət edirdilər. Mən də özümlə xanımı, ailə üzvlərini aparırdım. Ezamiyyət pulu və maaşımız səyahət xərclərini ödəmədiyi üçün mükafat pulunu sərf edirdim", - Proxorov etiraf edirdi.
Kulis.az