Biz vəziyyəti müzakirə edib, düşdüyümüz vəziyyətdən çıxış yolları tapmalıyıq. Gənclərə yaxşı bir miras qoymalıyıq.
APA-nın məlumatına görə, bu sözləri IV Qlobal Bakı Forumu çərçivəsində "Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda təşkil olunan paneldə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, SSRİ ilə Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra dünyada yeni mərhələ başlayıb:
"Qərbin dünyaya mesajı belə idi ki, bundan sonra sabitlik şəraitində yaşayacaq, inkişafa nail olacağıq. Prezident İlham Əliyev Azərbaycanın 25 ildə keçdiyi uğurlu inkişaf yolundan danışdı.
Ancaq deyə bilmərəm ki, dünya 25 il ərzində daha yaxşı dünya olub. Əksinə, daha problemli dünyaya çevrilib. XX əsrin 90-cı illərindən sonra insanlar düşünürdülər ki, bütün məsələlərə ədalətli yanaşma ortaya qoyulacaq, hər şey yaxşı olacaq. Ancaq Azərbaycan nümunəsində bunu görmək çətindir”.
N.Məmmədov qeyd edib ki, Varşava Müqaviləsinə son qoyulmasından, SSRİ-nin parçalanmasından sonra ilk yaranan problem Qarabağ problemidir:
"Əgər o vaxt Qarabağ probleminə ədalətli yanaşma ortaya qoyulsaydı, bu gün dünya bu qədər problemlə rastlaşmazdı. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bunun bir hissəsi Qarabağdır.
Ətrafdakı 7 rayon da işğal olunub, Ermənistan o rayonlara heç bir iddia ortaya qoymur, ancaq vəziyyət dəyişmir. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasına göstərişlər gəlir ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlar qəbul etməyin. Bu gün belə dünyada yaşayırıq”.
N.Məmmədovun sözlərinə görə, dünyada baş verən problemlər 10-15 dövlətin fəaliyyətinin nəticəsidir:
"Bu 25 ildə dövlətlər beynəlxalq hüquqdan danışmadılar, danışmağı da sevmirlər.
Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır. Hətta ATƏT-in Minsk Qrupunun 3 həmsədri beynəlxalq təşkilatlara göstəriş verir ki, siz bu problemə qarışmayın.
Biz məsələlərə onların mahiyyətini aydınlaşdırmadan yanaşsaq, heç bir uğur qazana bilmərik.
Bu gün dünyada problemlərin səbəbi böyük dövlətlərin öz maraqlarını hər şeydən üstün tutmasıdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !