OPEC ölkələri bazardakı mövqelərini itirməmək üçün kvotanı sabit saxlayıblar
Dünya bazarında neftin qiymətinin səviyyəsinə iqtisadi və geosiyasi amillər təsir edir.
"Report" xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Nuru Quliyev ANS telekanalında çıxış edərkən deyib.
"ABŞ artıq xam neftin idxalını azaldıb. Bu da onunla əlaqəlidir ki, ABŞ-da şist neft və qazın istehsalına başlanılıb və bu həcmlərin artırılacağı gözlənilir. Yeni texnologiya ilə istehsal edilən və hasil olunan xam neftin maya dəyəri hazırda bir qədər yüksəkdir. Əvvəlcə bu rəqəm 70-80 dollar olub, lakin tədricən aşağı düşməyə başlayıb. Hazırda bəzi yataqlar maya dəyərini 40 dollardan ödəmiş olur. Tendensiya ona doğru gedir ki, bu texnologiyalar inkişaf etdikcə hasilat da artacaq", - o bildirib.
İdarə rəsmisi qeyd edib ki, ümumilikdə OPEC-in tarixinə nəzər saldıqda ziddiyyətlərin həmişə mövcud olduğu, amma hər ölkənin öz maraqlarını güddüyü görünür: "Yəni bunlar kvotaları pozmağa çalışıblar ki, öz büdcələrini daha çox doldursunlar. Hazırda da həmin ziddiyyətlər mövcuddur. Yeni ildən İrana qarşı sanksiyaların aradan qaldırılacağı gözlənilir. İran öz nefti ilə dünya bazarına çıxmağa imkan qazanacaq".
N.Quliyevin fikrincə, buna görə də OPEC ölkələri öz bazarlarını itirməmək məqsədilə kvotalarını saxlamağı qərara alıb.
Rəis müavini həmçinin qeyd edib ki, xam neftin qiymətini daha çox iqtisadi amillər formalaşdırır: "Artıq uzun müddətdir ki, xam neftin qiymətini təkcə fiziki xam neft müəyyənləşdirmir. Birjalarda "fyuçers" deyilən alət var. Bu, kağız bazarıdır ki, bunun arxasında fiziki xam neft dayanmır. Bu birjalarda ticarətin həcmi fiziki xam neftin miqdarından qat-qat çoxdur".
"Birjalarda hec fondları, pensiya fondları, maliyyə-iqtisadi qurumlar iştirak edir. Onlar görəndə ki, gələcəkdə iqtisadiyyat artacaq, neftin bahalaşacağını düşünürlər və bu kağızları almağa başlayırlar. Spekulyativ olaraq neftin qiymətini artırır, amma görüntü dəyişəndə satmağa başlayırlar. Yəni neftin qiyməti iqtiadiyyatla bağlı olan məsələdir", - N.Quliyev bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !