Nusultan Nazarbayev: “Qazaxıstan qənaət rejiminə keçir”

21:07 | 15.01.2015
Nusultan Nazarbayev: “Qazaxıstan qənaət rejiminə keçir”

Nusultan Nazarbayev: “Qazaxıstan qənaət rejiminə keçir”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin sosial-iqtisadi inkişaf məsələlərinə həsr olunmuş müşavirə keçirib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, N. Nazarbayev büdcə xərclərinin azaldılacağını istisna etməyib və hökumətə böhran sona çatana qədər qənaət rejiminə keçməyi tapşırıb:
 
"Böhranın əlamətləri ölkəmizin ixrac mallarının, xüsusən neftin qiymətinin azalması ilə özünü göstərdi. Büdcəyə vəsait daxil olmasını təmin edən qara və əlvan metallurgiya məhsullarının qiymətləri də aşağı düşüb. Bundan başqa, Ukraynada yaranmış vəziyyət və bununla əlaqədar Rusiyaya tətbiq olunmuş sanksiyalar, Rusiya rublunun durumu da bizə mənfi təsir göstərir. Bu səbəblə biz vəziyyəti izləməli və müvafiq tədbirlər görməliyik”.
 
N. Nazarbayev hesab edir ki, hökumət büdcənin bir sıra parametrlərinə yenidən baxmalıdır: "Biz artıq büdcəyə bir dəfə dəyişiklik etmişik, ehtiyac yaranarsa, bir daha etməliyik. Əhaliyə dəqiq izah etmək lazımdır ki, biz hər şeydə qənaətə başlamışıq. Biz müstəqillik illərində 700-dən çox məktəb, bir o qədər də xəstəxana inşa etmişik. Hazırda həyata keçirilən tikintiləri başa çatdırmalı və bir sıra investisiya-tikinti layihələri də daxil olmaqla  yeni obyektlərin tikintisini isə dayandırmalıyıq. Bu iş böhranın başa çatmasından sonra davam etdiriləcək”.
 
N. Nazarbayev vəsaitlərin qeyri-rasional istifadəsini istisna etməyin zəruriliyini vurğulayıb: "Ünvanlı sosial yardım, çoxuşaqlı və aztəminatlı ailələr üçün müavinətlər imkanlı insanlara şamil edilməməlidir. Əsas vəzifə ondan ibarətdir ki, sadə insanlar böhran təzahürlərindən əziyyət çəkməsinlər. Dövlət sağmal inək deyil”.    
 
Bununla yanaşı, N. Nazarbayev bəyan edib ki, Qazaxıstan bu mürəkkəb tendensiyaları aşmaq üçün lazımi ehtiyatlara malikdir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM