Azərbaycanda ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə start verilib.
Fins.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən mətbuat konfransında bildirilib.
Ünvanlı yardım mobil telefonla veriləcək
Xatırladaq ki, prezident İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Burada digər yeniliklərlə yanaşı, ünvanlı yardım üçün müraciətlərin kompüter, mobil telefonlar və xüsusi olaraq quraşdırılmış infoköşklər vasitəsilə edilməsi əksin tapıb. Fərmanda nazirliyə tapşırılıb ki, ünvanlı yardımların verilməsi ilə bağlı Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq, bununla da ünvanlı yardım almaq üçün elektron müraciət imkanı yaradılsın. Bundan başqa, fərmana əsasən yardım üçün müraciət edən şəxslərin vəziyyəti kompüter avadanlıqları vasitəsilə araşdırılacaq.
Fevralın 24-də nazirlikdə bunnula bağlı keçirilən mətbuat konfransında nazir Səlim Müslümov bildirib ki, fərmanda nəzərdə tutulan işlərin yerinə yetirilməsinə başlanıb və beş ay ərzində həyata keçiriləcək.
Pulsuz «elektron imza»lar da veriləcək
Yeni sistem işə düşdükdən sonra vətəndaşlar kompüterlərdən, mobil telefonlardan və xüsusi quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı yardım almaq üçün müraciət edə biləcəklər: «Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar "Elektron hökumət” portalına qoşulacaq».
Bundan başqa, vətəndaşlara ünvanlı yardım üçün müraciət etmək üçün pulsuz «elektron imza» da veriləcək. Amma bu imzadan yalnız bu məqsədlə istifadə etmək mümkün olacaq: «Vətəndaşlar elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər».
Əlavə arayışlar tələb edilməyəcək
Elektron müraciət edən vətəndaşın vəziyyətinin araşdırılması üçün ondan əlavə arayış və məlumatlar tələb edilməyəcək. Nazirlik özü həmin məlumatları digər qurumlardan «Elektron hökumət» portalı vasitəsilə elektron formada alacaq: «Fərmana uyğun olaraq həmin dövlət orqanları ünvanlı yardım üçün tələb olunan arayış və məlumatları "Elektron hökumət” portalında yerləşdirəcəklər. ƏƏSMN-nin isə "Elektron hökumət” portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq».
Yardımı kompüter təyin edəcək
Ünvanlı yardım üçün elektron müraciət qəbul olunduqdan sonra rayon (şəhər) sosial müdafiəsi mərkəzləri (ƏSMM) həmin şəxslərin ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar: "maddi-məişət şəraitinin müayinəsi müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılacaq və nəticələr real vaxt rejimində VEMTAS-a ötürüləcək. Bütün məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq».
Cavab e-mail-ə gələcək
Yardımın verilib-verilməyəcəyi barədə məlumat vətəndaşa elektron formada çatdırılacaq. Kompüter və mobil telefonlarla müraciət etmiş şəxslər cavabı elektron məktubla, infoköşk vasitəsilə müraciət edənlər isə elə həmin köşklərlə alacaqlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !