İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda seminar keçirilib.
Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, seminarda İngiltərənin nüfuzlu Nyukasl Universitetinin (Newcastle University Business School) nümayəndəsi Robert Nyuberi "İxracın təşviqi proqramları və kiçik və orta sahibkarların performansı" mövzusunda çıxış edib. R. Nyuberi iştirakçılara İngiltərənin bu sahədə təcrübəsi və bu ölkədə aparılan araşdırmalar barədə geniş məlumat verib. O, İngiltərədə kiçik və orta ixracatçı şirkətlərin nümunəsində aparılan araşdırmalar, İngiltərədə ixracın təşviqi üçün tətbiq olunan innovativ alətlər barədə təqdimatla çıxış edib. R. Nyuberi qeyd edib ki, "Azexport" portalı ixracın artırılması üçün yaradılmış unikal bir elektron ticarət platformasıdır.
Bundan sonra "Azexport" portalının rəhbəri Zaur Qardaşov "Azexport" - ixraca dəstəyin yeni modeli kimi" mövzusunda təqdimatla çıxış edib. O, portalın və Rəqəmsal Ticarət Qovşağının sahibkarlara yaratdığı imkanlardan danışıb.
Nyukasl Universitetinin digər nümayəndəsi Çarli Skot isə "İngiltərədə orqanik ərzaq məhsullarına artan tələbat və ixrac imkanları” mövzusunda çıxış edib. Azərbaycanın İngiltərəyə orqanik ərzaq məhsulları ixrac etməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Qeyd edək ki, seminarda dövlət qurumlarının, ixracatçı şirkətlərin və assosiasiyaların, həmçinin elmi tədqiqat institutlarının nümayəndələri iştirak edib.
Sonda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Nyukasl Universiteti adından sertifikatlar təqdim olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !