"ABŞ hələ də İraqın "İslam Dövləti” qruplaşmasından azad edilməsi üçün vahid strategiyaya malik deyil. İraqlılar özləri də inadkarlıq göstərərək ölkənin cihadçılardan azad olunmasında səy göstərməlidirlər”, bunu prezident Obama İraqın baş naziri Heydər Abadi ilə görüşündə deyib.
Görüş Bavariyada Böyük Yeddilərin (G7) sammitində baş tutub.
Obamanın sözlərinə görə, Pentaqonda İraq ordusuna hazırlıq və silahlanmada yardım etmək üçün müzakirələr aparılır.
"Biz İraqın hərbi qüvvələrinin əksəriyyətinin hazırlığını təmin etmək istəyirik. Elə baş nazir Abadi də bunu istəyir”, deyən Obama İraq sünnilərinin İD cihadçıları ilə mübarizəyə qatılmasının vacibliyini vurğulayıb.
Prezident Obama İD-in aqressiv və opportunist qruplaşma olduğunu bildirsə də, o əmindir ki, bu qruplaşmanı İraqdan qovmaq mümkündür.
Ötən il Obama ABŞ-ın İD-lə mübarizədə vahid strategiyası olmadığı haqqındakı açıqlamaları konqresdə tənqidlə qarşılanmışdı.
Bəzi respublikaçı senatorlar hesab edirlər ki, Ağ Evin strategiyasının olmamasından cihadçılar istifadə edirlər.
"Qələbə planımız olmadığı üçün biz xilafətə uduzuruq”, bunu respublikaçı konqresmen Kevin McCarthy deyib.
Bazar ertəsi İraq və müttəfiq hərbi qüvvələri Baiji yaxınlığında yerləşən iri neft emalı müəssisələri rayonunda İD döyüşçüləri ilə mübarizədə uğur qazanıblar.
Pentaqonun mətbuat xidmətinin verdiyi məlumata görə, İraq orduları neft zavodu ətrafındakı müdafiə xəttini yararaq şəhərin mərkəzinə daxil olub. Şəhərdə isə bir qrup İraq əsgəri bir neçə həftə mühasirədə qalmışdı. (BBC Azeri)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !