ABŞ hesab edir ki, Israilin baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət yaxın illərdə müstəqil Fələstin dövlətinin formalaşdırılmasına imkan verməyəcək və bu səbəbdən də onun bu siyasəti ilə razılaşmağa hazır deyil.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə vəzifədə olacağı dövrdə İsrailin Fələstini tanımayacağını bəyan edib. Lakin sonradan o bunun bir sıra şərtlərin icra olunacağı təqdirdə mümkün olacağını bildirmişdi.
Obamanın sözlərinə görə, ABŞ hətta Netanyahunun izahını qəbul etsə belə bu müstəqil Fələstin dövlətinin yaxın zamanda yaradılmasına imkan verməyəcək.
"Biz yalandan imkanların olduğunu deyə bilmərik, əslində onlar yoxdur. Biz yaxın bir neçə il ərzində baş verə bilməyəcək məsələlərin üzərində diplomatiyamızı qura bilmərik”, deyə Obama bildirib. Onun sözlərinə görə, bu ABŞ-a olan etimadı qıra bilər. Bununla belə, Obama hər iki tərəfin maraqlarına cavab verən həll yolunun tapılması üçün İsrail və Fələstinlə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !