Obama Kuba lideri ilə görüşdüyünə görə tənqid olundu

22:07 | 11.12.2013
Obama Kuba lideri ilə görüşdüyünə görə tənqid olundu

Obama Kuba lideri ilə görüşdüyünə görə tənqid olundu

ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri prezident Barak Obamanı Nelson Mandelanın matəm mərasimində Kubanın lideri Raul Kastro ilə görüşdüyünə görə qınayıblar. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, konqresmen İleana Ros-Leytinen dövlət katibi Con Kerridən soruşub: Obamanın qanla ləkələnən Kastronun əlini sıxması ABŞ xarici siyasətinin yumşalması deməkdirmi? Kerri cavabında bunu təkzib edib. Amma Obama özü bir qədər əvvəl bəyan edib ki, Kubaya münasibətdə xarici siyasətin bəzi aspektlərinə baxmağı planlaşdırır. Senator Con Makkeyn bəyan edib ki, Amerika vətəndaşlarını həbsxanalarda saxlayan adamın əlinin sıxılmasını başa düşmür. O Obamanın hərəkətini Britaniyanın baş naziri Nevill Çemberlenlə faşist Almaniyasının lideri Adolf Hitlerlə 1938-ci ildə görüşməsi ilə müqayisə edib. 

Mandela ilə vida mərasimi dekabrın 10-da Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilib. ABŞ və Kuba rəhbərləri arasında bu görüş 13 ildən sonra baş tutub. Axırıncı dəfə ABŞ prezidenti Bill Klinton 2000-ci ildə BMT-nin sammitində Kubanın o vaxtkı lideri Fidel Kastronun əlini sıxıb.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM