Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə girov götürdükləri Azərbaycan vətəndaşları ilə bağlı baş nazir Ovik Abramyana hesabat verib.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ohanyan bu dəfə də Kəlbəcərdə öz ata-baba yurdlarını yad etmək istəyən Azərbaycan vətəndaşlarını “kəşfiyyat-diversiya” qrupunun üzvləri kimi təqdim edib.
Ermənistan müdafiə naziri bəyan edib ki, Kəlbəcərdə Azərbaycan vətəndaşlarının hamısı saxlanılıb. Ohanyan həmvətənlərimizi necə tutduqlarını və Kəlbəcərə gedən vətəndaşlarımızın Dağlıq Qarabağdakı separatçı rejimin əhalisi arasında ciddi qorxu, təşviş yaratdığını da etiraf edib.
“Erməni hərbiçilər onlardan birinin yerini müəyyən etdi. Daha sonra silahlı bölmələr həmin əraziyə yönəldilər və polis əməkdaşları ilə birgə keçirilən əməliyyatda digərləri də yaxalandı. Bu hadisə yerli əhalini qorxudub. Biz indi əhalini inandırmağa çalışırıq ki, ordu öz üzərinə qoyulmuş vəzifələri icra edir”.
Qeyd edək ki, Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz torpaqlarında erməni hərbiçilər tərəfindən girov götürülüb. Üçüncü şəxs kimi təqdim edilən Cəbrayıl sakini Həsən Həsənovun bundan öncə öldürüldüyü barədə məlumatlar yayılmışdı. Lakin Ermənistan müdafiə nazirinin budəfəki açıqlamasında bu haqda deyilməyib və belə görünür ki, Həsən Həsənov da girov götürülənlər arasındadır və o sağ ola bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !