Ombudsman Dunya Miyatoviçi qəbul edib

23:00 | 12.07.2019
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, qonaqları salamlayan Ombudsman qeyd edib ki, dövlətin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunub, 65 əfv sərəncamı imzalanıb. Müvəkkilin vəsatəti əsasında isə indiyədək 692 məhkum azadlığa buraxılıb.  

Qonağa həmçinin müvafiq dövlət qurumlarında, o cümlədən penitensiar xidmətdə, psixiatriya müəssisələrində çalışan əməkdaşlara, həkimlərə müvafiq Avropa standartları barədə məlumatların verildiyi və bu standartların tətbiq olunduğu vurğulanıb.

D. Miyatoviç həmçinin Müvəkkilin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyi barəsində məlumatlandırılıb. Qeyd edilib ki, insanların Ombudsmana elektron hökumət portalı vasitəsilə onlayn müraciət etməsi üçün xüsusi bölmə yaradılıb, informasiya əldə etməklə bağlı ünvanlanmış hər bir müraciət üzrə təhlillər aparılaraq müvafiq səlahiyyətli qurumlara sorğular göndərilib, məsələlərin bir çoxu öz həllini tapıb.

Müvəkkil qanunvericiliyin təkmilləşdirilməsinə dair Milli Məclisə, habelə dövlət qurumlarına təkliflər verildiyini, həmçinin Konstitusiya Məhkəməsinə çoxsaylı sorğular ünvanladığını, nəticədə Plenum tərəfindən müvafiq qərar və qərardadların qəbul edildiyini söyləyib. Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilib, onların böyük əksəriyyəti artıq təmin olunub.
E. Süleymanova qonağa qaçqın və məcburi köçkünlərin, həmçinin girov və əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin hələ ilk vaxtlardan diqqətdə saxlanıldığı, onların qaytarılmasını, onlarla beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin və Komitənin Cenevrədəki Baş Ofisinin rəhbərlərinə müraciətlər ünvanlandığı, Komitənin Cenevrədəki baş iqamətgahında bu qurumun Vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə edildiyi diqqətə çatdırılıb.

Ombudsman məcburi köçkünlərin, o cümlədən gənclərin öz torpaqlarına qayıtmaq arzusunun onların genetik yaddaşı ilə bilavasitə bağlı olduğunu bildirib.
E. Süleymanova Komissara Avropa Şurasının bütün beynəlxalq mexanizm vasitələrini səfərbər etməklə 30 ildən çox davam edən və kütləvi insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan bu silahlı münaqişənin regionda sabitliyin, dayanıqlı inkişafın, əməkdaşlığın bərqərar olmasına zəmin yaradacaq ədalətli sülh yolu ilə həllinə dəstək olması barədə müraciət etmiş, konkret tədbirlərin görülməsinin sürətləndirilməsinə yardımçı olmasını xahiş edib.

Sonda D. Miyatoviç Müvəkkilə İnsan hüquqları sahəsində Avropa Şurasının hazırladığı bir sıra çap materiallarını Müvəkkilə təqdim edərək, səmimi qəbul və təsisatın fəaliyyəti, habelə sualları ətraflı cavablandırdığı üçün təşəkkür edib.

www.anews.az
loading...

Xəbər lenti