Milli Məclisin iclasında Konstitusiya Məhkəməsi sədrinin və Ombudsmanın aylıq vəzifə maaşlarının artırılması müzakirə olunub.APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklər təklif edilir. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16.1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombudsmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombudsman Aparatı işçilərinin də maaşına təsir edəcək. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılır. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına təsir edir. Hər iki layihə səsə qoyularaq qəbul olunub. Bildirilib ki, bu məsələlər Konstitusiya qanununa edilən dəyişikliklər olduğu üçün 6 ay sonra yenidən formal olaraq təkrar təsdiqlənmək üçün Milli Məclisdə səsə qoyulacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !