İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.
Bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.
Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir.
Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur.
İTSDA-nın məlumatına görə, digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur.
Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir.
Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir.
Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.
Qurumun məlumatında qeyd edilib ki, şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir.
Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !