Hərb elminə az-çox bələd olan hər kəs təsdiq edə bilər ki,
istənilən ordunun döyüş qabiliyyəti ilə əsgərin məişət şəraiti arasında
birbaşa, özü də çox ciddi bağlılıq var. Doğrudan da yatmağa normal
çarpayısı, vaxtlı-vaxtında yuyunmağa şəraiti olmayan, geyim və ərzaq
təchizatı aşağı səviyyədə olan əsgərdən döyüşdə şücaət gözləmək də
əbəsdir.
Azərbaycan ordusunda bu sahədə vəziyyətin son bir neçə ildə necə
kökündən dəyişdiyi məlumdur. İndi tamamilə əminliklə demək olar ki,
Azərbaycanda "Əbiyev ordusundan” əsər əlamət qalmayıb və silahlı
qüvvələrimiz təchizatına, hərbi qulluqçuların məişət şəraitinə görə
dünyanın ən qabaqcıl orduları ilə müqayisə oluna bilər.
Ötən ilin aprelində Azərbaycan ordusu düşmənin uzun illərdir
möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçəndə və
atəşkəsin elan edilməsindən bəri ilk qələbəsini əldə edəndə son illərdə
silahlı qüvvələrdə baş vermiş dəyişikliklərin döyüş qabiliyyətinə necə
təsir etdiyinə bir daha əmin olduq.
Müdafiə Nazirliyi müraciətimizə müsbət cavab verir
Qeyd etmək lazımdır ki, jurnalistlərə Azərbaycan ordusunun ön xətdə,
düşmənlə üz-üzə yerləşən mövqelərinə baş çəkib əsgərlərlə, zabitlərlə
söhbətləşmək, oradakı şəraitlə yaxından tanış olmaq həmişə nəsib olmur.
Bununla belə Azərbaycan Müdafiə Nazirliyi virtualaz.org və haqqin.az saytlarının
redaksiyasının müraciətinə müsbət cavab verərək bu sətirlərin
müəllifinə ordumuzun düşmənlə qarşıdurma xəttində yerləşən döyüş
mövqelərindən birinə baş çəkib əsgər və zabitlərlə söhbətləşməyə imkan
yaratdı.
Tərtərdə hərbi hissələrin qapıları taybatay açılmışdı...
...Ön xəttə yollanmazdan əvvəl Tərtərdə yerləşən hərbi hissələrdə
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyi tərəfindən təşkil edilən
ənənəvi "Açıq qapı”da iştirak etmək şansım oldu. Bu, ordunun hansı
şəraitdə xidmət keçdiyini ictimaiyyətə, ilk növbədə övladlarını hərbi
xidmətə yola salmış valideynlərə nümayiş etdirmək üçün unikal imkan
yaradan aksiyadır.
Daha sonra müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin
Sadıkov və Müdafiə Nazirliyinin digər yüksək rütbəli şəxsləri hərbi
hissələrə baş çəkdilər. General-polkovnik Zakir Həsənov qısa bayram
təbriklərini çatdırandan sonra valideynlərlə, əsgər-zabitlərlə
qeyri-formal şəraitdə söhbətləşdi. Bu qeyri-formal, səmimi atmosfer
"Açıq qapı” aksiyasının ruhuna tam uyğun gəlirdi. Nazirə şikayətlərini
çatdırmaq istəyənlər də tapıldı və həmin şikayətlər hərbi hissə ilə
bağlı olmasa da Zakir Həsənov ərizəsini ona çatdırmaq istəyən yerli
sakinləri elə oradaca qəbul etdi.
"Açıq qapı” öz yerində, amma səngər daha maraqlıdır...
"Açıq qapı”nı izləmək əlbəttə, maraqlıdır, ancaq məni səngərdəki
əsgər daha çox maraqlandırır. Ötən ilin aprelində Azərbaycan ordusunun
artilleriya zərbələrindən yer titrəyən bu torpaqlarda düşmənlə üzbəüz
dayanmış əsgərin gözlərinə baxmadan ordunun döyüş əzmi barədə
təəssüratlar da yarımçıq olardı...
Beləliklə, günün ikinci yarısıdır və zabitlərin müşayiəti ilə "N”
saylı hərbi hissə komandirinin "Niva”sında təmas xəttinə ən yaxın
yaşayış məntəqəsi olan Qapanlı kəndini keçib ön xəttə doğru istiqamət
alırıq. "Açıq qapı” tədbirlərinə görə Tərtərdə olan Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəis müavini də yol yoldaşımdır.
Gözlərindən sanki qığılcım saçan döyüşçülər
"Niva” çınqıl döşənmiş qrunt yollarla toz qaldıra-qaldıra irəliləyir,
çox keçmir ki, bölmənin yerləşdiyi əraziyə çatırıq. Bura artıq cəbhə
xəttidir. Əsgərlər tam döyüş təchizatı ilə sıraya düzülüb. Yandırıcı
günəşin, qızmar istinin və səhra şəraitində döyüş növbətçiliyinin
təsirindən mis rəngi almış, dəmir kimi bərkimiş əsgər və zabitlərin
gözləri sanki qığılcım saçır.
Dərhal sezmək olur ki, bunlar kazarma şəraitində qulluq edən adi
əsgər və zabitlər deyil, burunlarına barıt qoxusu dəymiş əzmkar
döyüşçülərdir. Komandir raport verir, bayram təbriklərimizi çatdırıb
döyüşçülərlə söhbətləşməyə başlayırıq.
Sumqayıtdan hərbi xidmətə çağırılmış əsgər Vüsal İsmayılovu, Tovuzdan Elşən Qədirlini, digər əsgərləri söhbətə tuturam, "ailələrinizə, dostlarınıza nə çatdırmaq istərdiniz” - deyirəm.
"Bayramlarını təbrik edirik, bir də deyirik narahat
olmasınlar. Hər şəraitimiz var, heç nədən korluq çəkmirik. Yeganə
arzumuz döyüşmək, düşməni əzməkdir” əsgərlər deyir.
Komandir: "Onlardan 3-nü vurmuşuq...”
"Son bir neçə gün ərzində onlardan 3-ünü vurmuşuq, 11
müşahidə kamerasını sıradan çıxarmışıq. Bu istiqamətdə düşmənin müşahidə
sistemləri demək olar ki, tam sıradan çıxdı” - Tovuzdan olan gənc zabit sözlərinə əlavə edir.
Düşmənin son günlərdə verdiyi bu itkiləri gizlətdiyini, təkcə bir
hərbçinin "mina partlayışından öldüyünü” açıqladığını komandirə
xatırladıram. Söhbətə "N” saylı hərbi hissənin təcrübəli, hələ birinci
Qarabağ müharibəsi dövründən orduda xidmət keçən zabiti, təmas xəttinə
səfərdə bizi müşayiət edən Anar Cavadov müdaxilə edir: "Eybi yox, itkilərinin saylarını gizlətsinlər. Bizim snayperlər saymağı pis bacarmır”.
Məlumdur ki, Ermənistan Müdafiə Nazirliyi ötən ilin aprelində
aldıqları zərbədən sonra təmas xətti boyu mövqelərin möhkəmləndirildiyi,
hansısa müasir videomüşahidə-kəşfiyyat sistemləri ilə təchiz olunduğu
haqda tez-tez bəhs edir, lovğalanır. Bu baxımdan düşmənin
videomüşahidə-kəşfiyyat imkanlarının necə dəyişdiyi haqda komandirə sual
verirəm.
Düşmən əsgər çatışmamazlığını kameralarla ört-basdır edir
"Bizim sərəncamımızda olan mükəmməl və ən müasir
videomüşahidə-kəşfiyyat vasitələrini onlar heç yuxularında da
görməyiblər. Burunlarını qurdalayanda da xəbər tuturuq” - baş leytenant deyir.
Komandir əlavə edir ki, ermənilərin postlarında əsgər çatışmır, elə
post var ki, cəmi iki-üç əsgər var. Bu səbəbdən düşmən şəxsi heyət
çatışmazlığını videomüşahidə sistemləri ilə kompensasiya etməyə çalışır,
əsgər qoya bilmədikləri postlar var ki, oranı ancaq videomüşahidə
sistemləri ilə nəzarətdə saxlamağa çalışırlar.
"Əsgərlərimiz vurub saldı, balaca kvadrakopter idi...”
Düşmən təmas xətti boyu hərdən dronlardan da istifadə edir. Komandir
bildirir ki, bunlar hərbi təyinatlı istifadə üçün nəzərdə tutulmayan,
hər yerdə satılan adi kvadrokopterlərdir: "Mən burada xidmət
etdiyim müddətdə bir dəfə də olsun onların hərbi kəşfiyyat təyinatlı
böyük dronlardan istifadə etdiyini görməmişəm. Hərdən kvadrokopter
qaldırırlar, onu da vurub salmaq elə çətin olmur. Məsələn, bir neçə gün
əvvəl qaldırmışdılar, əsgərlərimiz vurub saldı. Adi, kiçik kvadrokopter
idi. Ötən ilin aprel döyüşlərindən sonra çox narahatdırlar, düşmən
tərəfdə daim təşviş hökm sürür. Biz tərəfdən hansısa texnikanın
hərəkətininsəsini eşidən kimi kvadrokopter qaldırırlar, nə baş verdiyini
görməyə çalışırlar. Qorxurlar ki, qüvvə cəmləşdirib hücuma keçərik.
Qorxmaqda haqlıdırlar, çünki Azərbaycan əsgərinin döyüş əzmini ötən ilin
aprelində görüblər və yaxşı bilirlər ki, gec-tez işğal etdikləri bu
torpaqlardan qaçmalı olacaqlar”.
"Əsgərləri tanıya bilmirdik, şirə dönmüşdülər...”
"N” saylı hərbi hissənin zabiti deyir ki, həmin döyüşlərdə
tabeçiliyindəki əsgərlərdən ikisi yaralanıb, ancaq döyüşlər
dayandırılana qədər onları hospitala göndərə bilməyib. Çünki yaralı
əsgərlər döyüş yoldaşlarını qoyub hospitala getməkdən imtina edirdilər.
Aprel döyüşlərinin nəticələri haqda: "Bu xalq torpaqlarından əlini üzməyib”
Zabit söhbətinə davam edir: "Aprel döyüşlərində gördük ki,
Azərbaycan əsgəri torpaqları azad etmək üçün hansı əzmkarlıqla döyüşməyə
qadirdir. Ordumuz düşmənin məğlubedilməzliyi barədə mifi darmadağın
elədi, özünə inam artdı, hamı gördü ki, döyüşüb düşməni məğlub etmək,
torpaqları geri almaq olar. O biri tərəfdən bizi ruhlandıran
bilirsinizmi nə oldu? Hər tərəfdən, bütün bölgələrdən döyüşən əsgərə
dəstək vermək, könüllü kimi döyüşmək üçün axın edirdilər. Quzu kəsib
kabab bişirən kim, maşınlarla dolu içməli su, siqaret, ərzaq gətirən
kim...İnsanların qarşısını ala bilmirdik, onlara deyirdik ki, Azərbaycan
dövləti əsgərə lazım olan hər şeyi gen-bol təmin edib, heç nəyə ehtiyac
yoxdur, ancaq bizi eşitmək istəmirdilər. Təkcə mən özüm döyüşmək üçün
yalvarıb silah istəyən neçə nəfəri birtəhər geri qaytarmışam. Deyirdim
ki, bizim ixtiyarımız yoxdur, hərbi komissarlığa gedin, onlar
göndərsinlər, eşitmirdilər. Bir daha əmin olduq ki, bu xalq
torpaqlarından əlini üzməyib, döyüşüb öz torpaqlarını geri almağa
hazırdır...”
Söhbətimizi başa vurub yenidən "Niva”ya əyləşirik, yarğanı
xatırladan, iki tərəfdən torpaq təpəcikləri ilə əhatələnmiş, gah sağa,
gah sola burulan yolla döyüş postlarından birinə doğru istiqamət alırıq.
Döyüş mövqeyinə çatırıq. Burada da bizi tam döyüş təchizatlı əsgərlər,
onların komandiri qarşılayır. Əsgərlərlə görüşürük, hal-əhval tuturuq.
Müharibə, səngər cəmi 18-19 yaşları olan bu gəncləri necə inanılmaz
dərəcədə dəyişib. Hamısının sifətində sərt, eyni zamanda qətiyyətli və
təmkinli ifadə var, gözlərindən sanki düşmənə qəzəb, nifrət saçır.
Postda: "Mərmi başlarına düşən kimi sükut çökdü...”
Vəziyyətlə maraqlanıram, əsgərlər deyir ki, iki gündür sakitlikdir, atışma yoxdur.
- Axırıncı dəfə iki gün qabaq atdılar, daha doğrusu buna cəhd elədilər, - post başçısı deyir.
- Bizim minaatan mərmini başlarına salan kimi sükut çökdü, elə bil
qurbağa gölünə daş atdılar, - pulemyotçu əsgər təbəssümlə əlavə edir.
- Cəmi 6 ayın əsgəridir, amma hədəfi elə birinci mərmidə vurur...
- Uzağı ikinci, - minaatan əsgər özü təvazökarlıq edir.
Postdan düşmən mövqeyinə qədər məsafə çox yaxındır Ötən ilin
aprelində Azərbaycan ordusu təmas xəttinin bu istiqamətində də
irəliləyib, mövqelərini xeyli irəli çəkib. Komandirdən icazə alıb
müşahidə məntəqəsinə qalxıram, müşahidə qurğusu ilə düşmən postlarına
baxıram. Sakitlikdir, düşmən öz hinindədir. Uzaqda isə Ağdərə dağları
görünür...
- Əsgər Həsənov, düşmən səngərdən başını qaldırsa dərhal nə edirik?- müşahidəçi əsgərdən soruşuram.
- Dərhal atəş, komandirin əmri belədir.
- Bizim sərəncamımızda düşmənin nəzarətində olan ərazilərin 20-25
kilometr dərinliyində sürünən, yeriyən, uçan nə varsa hamısını izləməyə
imkan verən elə qurğular var ki... Onların istənilən hərəkətini
nəzarətdə saxlayırıq - komandir bildirir.
Postda əsgərlərin məişət şəraiti ilə maraqlanıram. Hər şey öz
qaydasındadır. Döyüş növbəsini başa vuran əsgərin yatıb dincəlməsi üçün
yaylı yataqlar, təzə çarpayılar, daimi isti suyu olan hamam, kombi
istilik sistemi, gen-bol sursat, ərzaq, çay, kofe...Döyüş növbəsi çəkən
əsgərə bundan artıq daha nə lazımdır ki?...
Əsgərlərlə sağollaşırıq. Axundov hamısını bir-bir qucaqlayıb öpür, "bunlar mənim igidlərimdir” - deyir.
- Hə, qoçaqlar, gələndə sizə nə gətirim, ürəyinizdən nə keçir? - postdan ayrılan zabit onlardan soruşur.
- Sağ ol komandir, hər şeyimiz var, - əsgərlər cavab verir.
- İstənilən başqa orduda komandir əsgərlərə bu sualı versə yəqin uzun
siyahı alardı, amma siz deyirsiniz heç nə, - zarafatla əsgərləri
komandirin bu təklifindən yararlanmağa ruhlandırıram.
Qarışıq hisslər...
Postdan ayrılıb üzü Bakıya doğru istiqamət alırıq. Yol boyu qarışıq
hisslər məni bürüyür. Bir tərəfdən qürur hissi. Axı Azərbaycanın bu cür
yüksək səviyyədə təchiz olunmuş ordusu, mərd, qorxmaz əsgərləri var və
deməli itirilmiş torpaqları döyüşüb azad etmək mümkündür. O biri
tərəfdən qəzəb qarışıq məyusluq hissi...
20 ilə yaxındır Qarabağ mövzusundan yazan, Minsk Qrupu çərçivəsində
aparılan danışıqların az qala bütün mərhələlərini izləyən, təhlil edən
jurnalist kimi bu münaqişənin niyə indiyə qədər həll edilməməsinin,
torpaqlarımızın hələ də işğal altında qalmasının səbəbləri mənə
aydındır. Axı bu təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ deyil.
Biz erməniləri tarix boyu öz imperiya maraqları üçün alət kimi istifadə
edən güclə qarşı-qarşıyayıq...
Fərhad Məmmədov
virtualaz.org
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !