OPEC-lə Azərbaycan neft hasilatını birgə azaltmağa razılaşmadı

14:38 | 13.05.2015
OPEC-lə Azərbaycan neft hasilatını birgə azaltmağa razılaşmadı

OPEC-lə Azərbaycan neft hasilatını birgə azaltmağa razılaşmadı



Neft ixrac edən ölkələrin karteli OPEC bu təşkilata daxil olmayan hasilatçı ölkələrlə neft hasilatını birlikdə azaltmaq barədə razılığa gələ bilməyib.

Virtualaz.org saytı "Bloomberg”ə istinadən xəbər verir ki, OPEC və kartelə daxil olmayan ölkələrin nümayəndələri arasında görüş mayın 12-də Vyanada olub.

Görüşün üç iştirakçısı "Bloomberg”ə bildirib ki, tərəflər hasilatı birgə azaltmaq barədə razılıq əldə edə bilməyiblər. Görüşə OPEC-ə daxil  olmayan ölkələrdən Rusiya, Braziliya, Meksika və Azərbaycan nümayəndələri qatılıblar.

OPEC iyunun 5-də Vyanada keçiriləcək toplantısında neft bazarındakı vəziyyəti müzakirə edəcək və ola bilsin hasilatın azaldılması məsələsinə baxılacaq.

Lakin kartel hələlik hasilatı azaltmağa meyl etmir, OPEC-ə daxil olmayan ölkələrin də belə addım atmasını istəyir. Öz növbəsində əsas neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında hasilatı rekord ölçüdə artırıb və sutkada 10,308 milyon barrelə çatdırıb.

Bu, Səudiyyə Ərəbistanının qiymətləri qaldırmaq üçün hasilatı azaltmaq fikrində olmadığını göstərir. Səudiyyə Ərəbistanı hasilatı azaldaraq bazardakı mövqelərini əldən vermək istəmir və neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq hasilatı azaltmır.

Bununla belə son hərraclarda "Brent” markalı neftin qiyməti 65 dollardan 67 dollara qalxıb. Bu, ötən beş ay ərzində ilk belə yüksək qiymətdir.

Ekspertlər qeyd ediblər ki, qiymətlərin belə sıçramasının səbəbi ABŞ-da neft ehtiyatlarının ötən ilin noyabrından bəri ilk dəfə azalmasıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM