Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dən 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !