Orta məktəblərdə məcburi və seçmə fənlər tətbiq olunacaq

16:51 | 11.12.2013
Orta məktəblərdə məcburi və seçmə fənlər tətbiq olunacaq

Orta məktəblərdə məcburi və seçmə fənlər tətbiq olunacaq

 “Azərbaycanın ümumtəhsil məktəblərində bir sıra fənlərin şagirdlər tərəfindən seçilməsi ancaq maraq yox, məcburi formada olmalıdır”.Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata  keçiriləcək islahatların əsas prioritetləri barədə məlumat verən nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev APA-ya açıqlamasında bildirib ki, bunlara məsələn, Azərbaycan dili, riyaziyyat daxildir. Onun sözlərinə görə, müəyyən standartlar fənn kurikulumlarında nəzərdə tutulmuş şəkildə şagirdlər tərəfindən mənimsənilməlidir: “Amma digər tərəfdən, bütün fənlərin şagirdlər tərəfindən mənimsənilməsi real görünmür. Çox az şagird bu yüksək nəticəyə nail ola bilir. Ona görə də hər hansı bir sayda, 7, 8, yaxud 10 sayda fənnin məcburi saxlanılması ola bilər. Məcburi fənlərdən savayı, şagird maraq dairəsinə, dünyagörüşünə, meylinə uyğun olaraq müxtəlif seçmə fənlər də seçə bilər. Bu müddəanın önəmliliyi bütün şagirdlərə hər bir fənni keçmək əvəzinə müəyyən fənlərin bütün şagirdlər tərəfindən keçirilməsi (məcburi fənlər), digər fənlərin isə seçmə fənn olaraq şagirdin maraq və meylinə uyğun seçilməsindən ibarətdir. Şagird yalnız məcburi dərsləri keçməklə kifayətlənməməli, həmçinin məzun olmaq üçün tələb olunan fənn sayını ödəmək məqsədilə əlavə olaraq seçmə fənlər də müəyyənləşdirməlidir”.Sektor müdiri qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi həm şagirdin xüsusi maraqlarına daha çox vaxt ayırmasına səbəb olacaq, həm də onların müvafiq məsələləri dərindən öyrənməsinə, dünyagörüşünün formalaşdırılmasına imkan yaradacaq. Onun sözlərinə görə, yuxarı sinif şagirdləri ilə iş zamanı onların artıq formalaşmış meyl və maraqlarına diqqət təhsilin keyfiyyətinin artırılması baxımından çox önəmli məqamdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM