Oruc tutanlar isti havada nə etməlidir? - Həkim MƏSLƏHƏTİ

20:25 | 25.06.2015
Oruc tutanlar isti havada nə etməlidir? - Həkim MƏSLƏHƏTİ

Oruc tutanlar isti havada nə etməlidir? - Həkim MƏSLƏHƏTİ

Artıq bir neçə gündür ölkə ərazisində isti hava şəraiti hökm sürür. Hərarətin kifayət qədər yüksək olması insanların sağlamlığına ciddi problemlərə yol aça bilər. Bəs, qızmar istidən insanlar necə qoruna bilərlər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az saytına açıqlamasında bildirib ki, həddən artıq yüksək hərarətlə müşayiət olunan isti havalarda xüsusən uşaqlar istivurmadan qorunmalıdır: "Onları uzun müddət günəş altında saxlamaq olmaz. Çünki onlar tərləməyə meyllidirlər, buna görə də bədəndə qan qatılaşa və susuzluq baş verə bilər. Qan resurslarında xeyli tükənmə olan hamilə qadınlar və yaşlı insanlar da uzun müddət isti havada qalmamalıdır. Ürək xəstəliyi, eləcə də arterial qan təzyiqi yüksək olanlar isti havadan qorunmalıdırlar. Çünki isti havanın uzun müddətli təsirindən orqanizmdə termorequlyasiya mərkəzlərin (istilik tənzimləmə mərkəzi) fəaliyyəti pozulur. Yəni normada həmin istilik mərkəzləri qan damarlarını genişləndirir, dəridə su buxarlanmasını artırır və bununla da daxili temperaturu bir müddət stabilləşdirə bilir. Amma bu proses uzun müddət davam edirsə, termorequlyasiya mərkəzilərinin fəaliyyəti pozulur və istivurma deyilən hadisə baş verir. Bu zaman orqanizmin daxili temperaturu yüksəlir. Normada bioloji proseslər 36-37 dərəcə arasındadırsa, yüksək temperatur artıq bioloji proseslərin gedişini pozur, orqanizmdə susuzlaşma baş verir. Nəticədə həyat üçün mühüm funksiyalar pozulur. Bu isə qıcolmalara və ölümə gətirib çıxara bilər. Buna görə də belə yüksək temperatur altında uzun müddət dayanmaq məsləhət deyil. Çünki isti havanın ekspedisiya müddəti (orqanizmlə təması) mümkün qədər az olmalıdır. İnsanlar belə havada daha çox maye qəbuluna üstünlük verməlidirlər, imkan daxilində sərin yerdə oturmalıdırlar”.

Həkimin sözlərinə görə, Hindistan təcrübəsi göstərir ki, əgər bu şərtlərə riayət olunmasa, daha çox ağırlaşmalar və insan itkisi baş verə bilər. Eyni zamanda, Hindistanda istilərin insan ölümü ilə nəticələnməsinin pis cəhəti də, onların isti havada qorunma imkanlarının xeyli məhdud olmasıdır. Bu, yoxsulluq və maddi durumla əlaqədar olan bir məsələdir. İnsanlar isti havada öz rejimlərini sinoptiklərin məlumatları əsasında tənzimləməlidirlər”.

Adil Qeybulla isti yay günlərində oruc tutanlara daha ehtiyatlı olmaların tövsiyə edib: "Orqanizmin isti havada çoxlu su itirdiyini nəzərə alsaq, bu zaman qan qatılaşır, mikrosirkulyasiya pozulur. Oruc tutanlar, ümumiyyətlə, istidən qorunmalıdırlar. Bədəndən suyun buxarlanması mümkün qədər az olmalıdır. İsti havada həddən ziyadə su buxarlanması, nəfəs yollarından suyun xaric olunması orqanizmin susuzlaşmasına gətirib çıxarır. Belə şəxslər imsak vaxtı daha çox maye qəbul etməlidirlər və gün ərzində isti havada az qalmalıdırlar”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM