Nobel mükafatlı türk yazarı Orxan Pamuk ABŞ-ın “New Perspectives Quarterly” dərgisinə müsahibə verib. Müsahibədən bir parça “Oxu zalı”nda.
- Türkiyədəki modernləşmiş, şəhərli, elit sinfin yerini Anadoludan gələn, müsəlman, orta sinif tutmaqdadır.
Hazırda mühafizəkar bir partiya iqtidardadır.
Bu durumun Türkiyənin modernləşməsi layihəsinə indiyəcən nə kimi təsiri olub?
- Türkiyəli intellektuallar mövcud durumu İstanbul burjuaziyası ilə Anadoludan gələn yeni burjuaziya arasında savaş kimi yozurlar. Artıq bu bir klişeyə çevrilib. Bəlkə də bunda həqiqət payı var, amma mən duruma sosioloji deyil, etik yöndən baxıram. Mənim üçün köhnə İstanbulun puluyla Anadolunun yeni parası arasında fərq yoxdur. Əslində baş verən odur ki, daha müstəqil, açıq, daha demokratik və bərabərlik tərəfdarı olan cəmiyyətlə köhnə, mühafizəkar modernist bir cəmiyyət kəllə-kəlləyə gəlir. Mənim narazılığım Türkiyədə siyasi mədəniyyətdəki dözümsüzlükdəndir. Fərqi eləməz, bunu edən köhnə qvardiyadı, yoxsa təzə. Bu təkcə paytaxtdakı dünyəvilik tərəfdarlarına xas deyil, həm də əyalətlər üçün xarakterikdir, həmçinin islamçılar üçün. Ən mühüm məsələlərdə onlar bir-birinə qarşı dözümsüzlük göstərirlər…
Mənim üçün qərbləşmə gözoxşayan mallara sahiblənmək deyil. Qərbləşmə ifadə azadlığı, demokratiya, hüquq bərabərliyini dəstəkləyən və insanların hüquqlarına, ləyaqətinə hörmət qoyan bir cəmiyyət deməkdir. Mənim üçün əyalətdən, Anadoludan gələnlərin, yoxsa istanbullu dünyəvilik tərəfdarlarının hakimiyyətə sahiblənməsinin elə bir fərqi yoxdur. Mən onların heç birinə yaxın deyiləm. Məni maraqlandıran - fərdə verilən qiymətdir.
- Düşüncələriniz Dostoyevski ilə səsləşir. O Dostoyevski ki, öz dövründə Qərbə, sadə ruslara öz ölkələrində yuxarıdan aşağı baxan qərbləşmə tərəfdarlarına acıqlanardı.
Siz ona “qərbyosunlu, Qərbin nailiyyətlərindən ağızadolusu danışan nəsihətbaz, dayaz yazarlara qarşı savaş açdığına görə” heyransınız.
Bundan o nəticə çıxırmı ki, siz qərbli, yaxud qeyri-şərqli yazarsınız?
- 35 il ərzində mən bu cür bölgüdən qaçmağa çalışmışam. Dostoyevski həm qərbli, həm də qeyri-qərbli yazar idi. O yalnız, öz xalqını aşağılayan qərbləşmə tərəfdarlarını aşağılayırdı. Dostoyevski də mənim kimi düşünürdü ki, qərbləşmə, yaxud indiki qloballaşma qaçılmazdır, amma bu, keçmişdən imtina olunmasına, sadə insanların, onların mədəniyyətinin aşağılanmasına aparıb çıxarmamalıdır. Qərbləşmə ilə bağlı yuxarıdan gəlmə (Rusiya və Türkiyədə qərbləşmə bu cürdür) yanaşmanın qüsuru ondadır ki, o, insanları zövqlü, şık “alafranga”lara və gerizəkalı və bayağı “alaturka”lara bölməyin rəmzinə çevrilir. Yuxarı təbəqədəkilər yeni üzqırxan maşına ilk sahib olmalarından elə məmnundurlar ki, sanki bu onların qərbləşməsini, başqalarından üstün olduqlarını sübut edir! Mən romanlarımda bununla bağlı o qədər nümunələr gətirirəm ki.
Mənim o biri romanlarım, məsələn “Bəyaz qala” və “Mənim adım qırmızı” kimi bu roman da (“Məsumiyyət muzeyi”ndən söhbət gedir – Oxu zalı) adına “Şərq-Qərb romanı” dediyimiz və son 200 ildə Türkiyənin kimlik axtarışlarından doğan janrda yazılıb. Bütün bu romanlar üçün kimlik məsələsi ilə bağlı gərginlik və ənənə ilə xaricdən və yuxarıdan gələn müasirliyin toqquşması xarakterikdir. Bu kitabların bəzilərində qəhrəmanlar vasitəsilə Qərb sərt tənqid edilir, məsələn, rəqs etmək istəyən, amma sonda fahişəlik yoluna düşən qız vasitəsilə. Bəzilərində isə qəhrəman Qərb dəyərlərinə qucaq açır və axırda müstəqil, özündən arxayın və bərabərlik tərəfdarı olur.
- Yəni siz “orta mövqedə” dayanan yazarsınız…
- Mən bunu kompliment kimi qəbul edirəm. Amma mən bu mövqeyi özüm seçməmişəm. Sadəcə, belə alınıb.
Hazırladı: R.Qəmbərov
Oxu Zalı
Bizi sosial şəbəkələrdə izləyin !