“Otuz ildir xəyanət edirsiniz”

15:06 | 09.10.2014
“Otuz ildir xəyanət edirsiniz”

“Otuz ildir xəyanət edirsiniz”

Millət vəkili Fazil Mustafa HDP başqanı Səlahəddin Dəmirtaşın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. ANN.Az xəbər verir ki, millət vəkili bu barədə facebook hesabında yazıb. “Türkiyədə PKK-nın siyasi qanadı sayılan və kürdlərin hüquqlarının təmsilçisi hesab edilən HDP başqanı Səlahəddin Dəmirtaş Türkiyə hökumətini suçlayaraq bildirib ki, əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı. Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa, Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq militanları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib, Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində öz xəyanətlərinin bədəlini ödəyirlər. Baxın, Dəmirtaş və onun parlamentdə təmsil olunan dostları Türkiyənin Suriyaya ordu yeritməsinin əleyhinə səs verirlər, sonra da tələb edirlər ki, niyə Kobanini qorumaq üçün qoşun yeritmirsən. Sonra da orduya, hökumətə kömək etmək əvəzinə içəridə qarışıqlıq yaradıb, əslində Kobaninin İŞIDa təslim edilməsinə özləri şərait yaradırlar. Çünki orada İŞİD-ə qarşı döyüşən PJK ilə PKK arasında kökü dərinlərə gedib çıxan konfliktlər var”.F. Mustafa əlavə edib ki, Türkiyənin prezidenti Ərdoğanın açıqlaması tamamilə doğrudur: “Onun da qeyd etdiyi kimi, İŞİD-lə PKK arasında heç bir fərq yoxdur. YAP-ın rəsmi şəxslərindən olan Siyavuş Novruzovun da terrorla mübarizədə Azərbaycanın Türkiyəyə hər cür dəstək verəcəyini vurğulamasını tənqid edənləri də anlaya bilmədim. Bəli, bu görüşü tam dəstəkləyirəm, növbəti Milli Məclisdə gündəmə gətirməyi də düşünürəm, Azərbaycan Milli Məclisi həm İŞİD, həm də PKK terroru ilə mübarizədə Türkiyəni dəstəkləmək barədə ən azı siyasi bəyanat verməlidir. Bizim hərbi dəstəyimizə ehtiyac olacaq-olmayacaq, bu başqa məsələdir. Dəmirtaş kimilərin nə söyləməyi əhəmiyyətli deyil, Türkiyə Azərbaycanın dar vəziyyətində göstərdiyi həssaslığı Azərbaycan da Türkiyə üçün mütləq göstərəcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM