Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin buraxılışında “Pakistanın görkəmli şəxsləri Dağlıq Qarabağ məsələsinin həllinə çağırır; “Pakistan Observer” məsələnin sülh yolu ilə həlli məqsədilə ictimai birliyi səfərbər edir“ adlı yazı dərc edilib.Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Pakistanın media, ictimai, siyasi xadimləri Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə bəyannamə ilə müraciət etdikləri vurğulanıb. Bəyannamədə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, Xocalıda baş verən hadisələrin bu münaqişənin ən qara səhifəsi olduğu bildirilib. Məqalədə vurğulanıb ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı, fevral ayının 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olduğunu bildirilib. Sənəddə Ermənistanın, işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, həmçinin BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına həmçinin digər müraciətlərə məhəl qoymadığı bildirilib. Bəyannamədə qeyd olunub ki, Pakistan Senatı 2012-ci ilin fevralın 1-də qəbul olunan qətnaməsində Xocalı soyqırımını tanıyaraq, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edilib, 2013-cü ilin oktyabrın 5-də qəbul olunan qətnaməsində isə Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəklənib. Bəyannamədə Pakistan xalqının Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz etdiyi və bu məsələnin BMT TŞ-nın qətnamələri əsasında ədalətli və sülh yolu ilə həllinə çağırdığı bildirilib: “Biz davamlı sülhün bərqərar olması naminə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə biganə qalmayaraq, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq. Pakistan xalqı hesab edir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi münaqişəli məsələlərin ədalət və sülh prinsipi əsasında həll olunmayacağına qədər dünyada sülh təhlükə altında qalacaq”. Birgə Bəyannaməyə “Pakistan Observerin”in baş redaktoru Zahid Malik, Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc, Senatın xarici əlaqələr komitəsinin sədri Hacı Adil, senatın müdafiə komitəsinin sədri Müşahid Hüseyn, Bəlucistan əyalətinin spikeri Mir Can Camali, Gilgit-Baltisatn əyalətinin spikeri Vəzir Beyq, Gilgit Baltistan əyalətinin vitse-spikeri Cəmil Əhməd və Pakistanın digər tanınmış ictimai və siyasi xadimləri, alimləri, hüquqşünasları, jurnalistləri, biznes elitanın təmsilçiləri imzalayıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !