Parisdə yaşayan azərbaycanlı rəssam: Ölüm çox yaxın məsafədədir

18:37 | 16.11.2015
Parisdə yaşayan azərbaycanlı rəssam: Ölüm çox yaxın məsafədədir

Parisdə yaşayan azərbaycanlı rəssam: Ölüm çox yaxın məsafədədir

Keçən cümə Parisdə baş vermiş silahlı hücumlara azərbaycanlıların münasibəti birmənalı deyil. Hadisəyə görə kədərləndiyini bildirən insanlarla yanaşı, biganə qalan və hətta sevincini ifadə edənlər də var.

Xüsusən də sosial mediada 129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnmiş hücumlar müzakirə mövzusuna çevrilib.

Facebook-da profil şəkli üçün Fransa bayrağını seçmiş azərbaycanlı istifadəçiləri qınayanlar, dünyanın digər bölgələrində baş verən insan ölümü hallarına belə münasibətin olmadığını iddia edir və etiraz edirlər.

Bəs hücumların Parisdə yaşayan azərbaycanlılara təsiri olubmu və onların münasibəti necədir?

BBC Azərbaycanca Parisdə məskunlaşmış və ya təhsil alan azərbaycanlıların münasibətini öyrənməyə çalışıb.
Yaxınların narahatlığı

Parisdə təhsil alan Rüfət Əhmədli hücumlar olan zaman dostları ilə bir yerdə əylənirmiş.

"Küçədən təxminən 15-20 dəqiqə atəş səsləri gəldi, lakin bunun atəşfəşanlıq səsi olduğunu zənn etdik. Bir müddətdən sonra demək olar ki, hamımıza eyni zamanda yaxınlarımız, dostlarımız zəng edərək, vəziyyətimizi soruşmağa başladı,” Rüfət deyir.

Hadisədən şoka düşdüyünü bildirən Rüfət, baş verənləri TV vasitəsi ilə izlədiyini və həmin gecə təhlükəli ola bilər deyə küçəyə çıxmadığqlarını deyir.

Şəbnəm Süleymanovanın sözlərinə görə, Parisdə yaşasa da, hadisədən Facebook vasitəsilə xəbər tutub.

"Qızımı yatırıb kompüteri açdım. Bir-iki yerdə terror aktının olduğunu yazırdılar, sonradan xəbərlər də çoxaldı. Bir neçə saat məhz nə baş verdiyini axtarmaq və anlamaqla məşğul idim,” Şəbnəm bildirir.

Onun sözlərinə görə, belə bir hadisənin baş verəcəyini gözləmək olardı: "Fransızlar prezidentin harasa hərbi hücum haqqında tək qərar qəbul etməsini düzgün saymır. Heç də hamı müharibə tərəfdarı deyil və bir şey də baş verəndə ölənlər qərar verənlər deyil, məhz dinc əhali olur”.
"Gözəgörünməz düşmən"

Parisdə yaşayan rəssam Babi Bədəlovun fikrincə baş verənlər ölkədə təhlükəsizliyin zəif olduğunu göstərir və daha dəhşətli hücumların ola biləcəyi də narahatlıq doğurur.

"Qorxu hissləri çoxaldı. Ölüm çox yaxın məsafədədir, çünki düşmən gözə görünməzdir,” Babi belə düşünür.

Tural Mustafayev bildirir ki, hadisə baş verən zaman evdə olub. "Biz polis prefekturasına yaxın qaldığımızdan, hadisənin baş verdiyini polis maşınlarının səsindən hiss etdik. Polsi və ambulans səslərindən nəsə ciddi bir şey olduğunu düşündük”.

"Bataclan konsert salonundakı girov hadisəsinin rəsmi şəkildə başa çatdığı elan edildikdən sonra xeyli narahat idik. Konsert salonunda neçə terrorçunun olması heç kəsə məlum deyildi və bu qeyri-müəyyənlik insanlar arasında panikaya səbəb olmuşdu,” Tural deyir.
Boş kafe və restoranlar

Parisdə işləyən Raqub Qarazadə deyir ki, yaşadığı bölgə hücumların baş verdiyi 10 və 11-ci rayonlardan 20-25 dəqiqəlik məsafədə yerləşir.

"Hadisə baş verəndə evdə idim, baş verənlərdən internet vasitəsilə xəbər tutdum. Çox dəhşətli bir şey idi,” Raqub bildirir.

"Bu ilin yanvar ayında Charlie Hebdo jurnalına hücum zamanı da Parisdə idim və hadisə yerinə yaxın olduğumdan, onun həyəcanını daha yaxından hiss edə bilmişdim”.

O deyir ki, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hücum zamanı keçirdiyi məyusluq hissini, Paris hücumlarından sonra da keçirib.

"Hadisənin üzərindən iki gündən çox vaxt keçib. Həftə sonu dolu görməyə alışdığımız məhəllədəki kafe və restoranlarda çox az sayda adam var idi. Həftə sonu getdiyim idman zalı isə bağlı idi. Tezliklə həyatın əvvəlki axarına qayıtmasını istəyirəm,” Raqub əlavə edir.

Cümə günü, gecə saatlarında baş tutmuş hücumlar Parisdə rok qrupunun çıxış etdiyi konsert salonuda, futbol üzrə Fransa-Almaniya yoldaşlıq görüşünün keçirildiyi stadion, restoran və barlarda həyata keçirilib.

Hadisəyə görə İslam Dövləti qruplaşması məsuliyyəti üzərinə götürüb.

Fransada üç günlük matəm elan edilib.

Azərbaycanın Parisdəki səfirliyindən Trend agentliyinə verilən məlumata görə, səfirliyin və Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilib. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM