Parkda oğlanla-qızı bir yerdə tutan polis: "Söhbəti 100 manatla həll etdik"

14:59 | 12.02.2019
Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Anews.az-ın open.az-a istinadən məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, "Ukrayna" dairəsində yerləşən parkda gəzişərkən gənc oğlanla qızın yan-yana oturduğunu görüb onlara yaxınlaşıb: "Oğlan mənə "sən kimsən" sualını verdi, polis olduğumu dedim. Qızın ailəsi bilirmi soruşdum. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın aləsinin bu barədə məlumatlarının olmadığını deyərək, söhbəti 100 manatla həll etdik. Çıxıb oradan getdim".

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".

O bildirib ki, daha əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay müddətinə çalışıb: "Sonra polisdən qovulmuşam".

Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzərkən bir vətəndaş ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.

Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna" dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

www.anews.az

Xəbər lenti