Senytabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycan milli qanunlarına uyğun şəkildə keçirilib. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi "X" hesabında bildirib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.
Bir gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında bildirilib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması şəraitində keçirilib.
Həmçinin Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir.
Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq missiyada 34 ölkədən 279 müşahidəçi olub. Müşahidəçilərin tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun göndərdiyi 225 ekspert, eləcə də uzunmüddətli və qısamüddətli müşahidəçilər və ATƏT Parlament Assambleyasının 54 müşahidəçisi daxildir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !