Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya
Komissiyasının görüşü keçirilib.
Tədbiri giriş nitqi ilə açan komitə sədri Ziyafət Əsgərov
iclasın keçirilməsi üçün göstərilən dəstəyə görə Milli Məclisin sədri Sahibə
Qafarovaya təşəkkür edib. Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari
ilin 14 fevral tarixində keçirilmiş andiçmə mərasimində söylədiyi nitqə diqqəti çəkərək
qeyd edib ki, ölkə prezidentinin
çıxışında səsləndirilmiş "Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik,
süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə
çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri
buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq” fikirlər
konseptual xarakter daşıyır, bu sahənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı,
qarşıya mühüm vəzifə və hədəflər qoyur.
Bildirilib ki, bu gün
dünyada gedən texnoloji inkişaf Azərbaycanda da öz təsirini bütün sahələrdə
göstərməkdədir. Lakin, yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər
də gətirir. Şübhəsiz ki, bu təhdidlər milli təhlükəsizlik baxımından aidiyyəti
qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Təsadüfi
deyildir ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan
Respublikasının milli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən
biri kimi bəyan edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
(XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi
üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev çıxışında görüşün keçirilməsi üçün
yaradılan şəraitə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib.
Ölkəmizdə informasiya
texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə geniş məlumat
verən Xidmətin rəisi vurğulayıb ki, bu gün Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət Ümummilli lider
Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə
uğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyəti və onlardan
geniş istifadənin zəruriliyi hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin
diqqət mərkəzindədir.
Qeyd olunub ki,
hazırda yeni texnologiyaların tətbiqi, sürətli internet xidmətlərinin əlçatanlığı,
bu sahədə ölkəmizdə və dünyada uğurla tətbiq edilən yeniliklərlə
yanaşı özü ilə birlikdə bir sıra problemləri və riskləri də gətirməkdədir.
Daha sonra iclasda XRİTDX-in idarə rəisi Tural Məmmədov
"İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə mövcud vəziyyət:
Görülmüş işlər - problemlər” mövzusunda, şöbə rəisi Elgin Abdullayev
"İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni reallıqlar
qanunvericilik aktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət”
mövzusunda təqdimatlarla çıxış ediblər.
Müzakirələrdə deputatlar Aydın
Mirzəzadə, Elman Məmmədov və Arzu Nağıyev görüşün əhəmiyyətini qeyd ediblər, təqdimatlarla
bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonra görüş qarşılıqlı maraq
doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib, deputatları maraqlandıran məsələlərə
münasibət bildirilib.
Tədbirdə Milli Məclis Aparatı rəhbərinin
müavini Yaşar Əməşov, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya
Komissiyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !