Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ

09:51 | 23.02.2022
Partiya sədri:

Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ

"Bizim Qonaq"ın bu dəfə qonağı gənc siyasətçi, "Ağ Partiya" partiyasının sədri Tural Abbaslıdır.
 
- İxtisasca jurnalistsiz. Müxbirlik etmisinizmi? 
 
- Jurnalistika ilə demək olar məşğul olmamışam. Olsaydım yəqin ki, ölkənin iki jurnalistindən biri olardım. İndi jurnalist olmaq çox asanlaşıb. Dövlət orqanları reliz atır, jurnalist də altına imzasın qoyub çap edir, olur jurnalist. Böyük əksəriyyəti elədir. Azərbaycanda təəssüf ki, dövlət jurnalistikanın inkişafına imkan vermədi. Mən sənədlərimi Polis Akademiyasına vermişdim, sadəcə sonuncu mərhələdən keçə bilmədim.


- Nə üçün düşünürsüz imkan verilmədi?

- Məhşur deyim var -  pulu kim ödəyirsə, rəqsi də o sifariş verir. Media qurumları müstəqil olmalıdır. Müstəqillik də reklamdan asılıdır. Bizdə reklam İP, tiraj sayına verilmir. Media çalışır reklam verənin, ya da siyahıya salanın xətrinə dəyməsin. Jurnalistika ilə fərdi məşğul olan  jurnalistlərimiz var. Onlar da şəxsi fədakarlıqları hesabına, həyatları hesabına nə isə etməyə çalışırlar. 

- Polis Akademiyasına sənədlərinizi təqdim etmisiz, qəbul olsaydız indi polis işləyəcəkdiz?


- Yəqin ki, çalışa bilməzdim. Mən 1999-cu ildə imtahan verəndə polisin siyasi fəaliyyəti var idi. Amma indiki kimi deyildi. Bir nyuans da var idi ki, akademiyanı bitirəndə hüquqşünas diplomu da alırdın. Mən düşünürdüm ki, əgər sistemdə işləyə bilməsəm, hüquqşünas kimi fəaliyyətimi davam etdirəcəm. Yəqin belə daha xeyirli imiş.
 
- Ölkədə fəaliyyətdə olan bir neçə partiya var ki, onların rəhbərləri hələ də istədikləri məqsədə çata bilməyib. Siz nədən partiya yaratmaq qərarına gəldiz?


- "Ağ Partiya" rəsmi olaraq 2016-ci ildə yaradılıb. 2016-ci ilə qədər mənim 16 illik siyasi fəaliyyətim olub. 2000-ci ildə "Müsavat" partiyasına üzv oldum. Onda vəziyyət indiki kimi deyildi, ümidlər var idi. Siyasətə hər gələn uğur qazanacaq deyilən bir şey yoxdur. Bizim işimiz fəaliyyət göstərməkdir.  6 il  qabaq Zelenski kim idi? Rus filmlərində çəkilən aktyor. İndi prezidentdir. Yəni perspektivi qabaqcadan hesablamaq olmaz. 


- "Müsavat"dan niyə ayrıldınız? Bəlkə başqan seçilməməyiniz buna səbəb oldu?

- 2014-cü ildə başqanlığa namizədliyimi verdim. Düşündüm ki, seçilməyim partiyaya  yeni nəfəs gətirər. Qurultay nümayəndələri mənə səs vermədi. Bəziləri hətta  əks arqument gətirdi ki, siz cəmi 20 səs aldınız, amma filankəs 200 səs aldı. Hanı bəs o 200 səs alanlar,hardadır? Demək ki, seçim doğru seçim deyildi. Mən başqanlığa namizəd verənə kimi idarə heyətinin üzvü idim. Seçilməyəndən sonra heç bir strukturda təmsil olunmağıma imkan vermədilər. Mən də dedim eybi yox siravi üzv kimi fəaliyyət göstərərik. Bir müddət sonra jurnalistlərə zəng etdilər ki, niyə Tural Abbaslıya zəng edirsiz,onun partiyada heç bir statusu yoxdur. Sonra başladılar bizimlə əlaqəli olan siyasi çevrələrə şərt qoymağa. Qurultaydan sonra 2 il partiyada  qalmışıq. Başqan seçilmədiyimiə görə çıxsaydım elə həmin vaxt çıxardım. Sadəcə gördüm ki, enerjimi ancaq daxili rəqabətə sərf edəcəm və əldə etdiyim "Müsavat" rəhbərliyinin yanlnş yolda olduğunu sübut etmək olacaq. Odur ki, partiyadan ayrılmaq məcburiyyətində qaldım. Heç də könüllü etmədim. Döşəyi altımdan çəkdilər ki dur, mən də istənməyən yerdə qala bilməzdim. 


- Partiyanızın neçə üzvü var?


- Bu gün Azərbaycanın ən böyük partiyasl bizik. 10 min civarında üzvümüz var. Yeganə partiyayıq ki, hər rayonda təşkilatımız var.  Naxçıvanda 100-dən çox üzvümüz var. YAP-ı  nəzərə almasaq bu gün Azərbaycanın ən kütləvi partiyası bizik. Bəzən həqiqətləri deməyəndə görmürlər. 


- Hardan maliyyələşirsiniz? 


- Biz böyük maliyyə xərcləmirik. Ofisin saxlanılması, kommunal və gündəlik xərclərdir.Onu da dostların ianələri hesabına təmin edirik. Bəzən üzvülük haqqı da yığılır.Azərbaycanda o qədər insanları siyasətdən uzaqlaşdırıblar ki, bir çox hallarda üzvlük haqqı yığılanda elə bilirlər ki, YAP kimi məcburi tutulma edirik. Hətta üzvlərimiz bizə şikayət etdi ki, sizin YAP-dan nə fərqiniz var. Onlar da pul yığıb rüşvət alır, siz də. İzah edə bilmədik ki, bu üzvlük haqqıdır. Bizim nizamnaməyə görə üzvlük haqqı məvacibin bir faizidir. Amma bu simvolikdir. Kim nə qədər istəyirsə verir. Bu məsələ partiyaların öz öhdəsinə buraxılmamalıdır. Birbaşa dövlətin nəzarətində olmalıdır. Partiyalar əgər qeydiyyata alınırsa, bəlli kriterialar müəyyən olunmalı və o kriteriyalara uyğun partiyalar ciddi maliyyələşməlidir. Yoxsa dövlət pul vermir, qrant almaq qadağandır, başqa ölkədən də pul alsan demək sən cəsussan. Düşünürəm ki, dövlət partiyalara sahib çıxmalıdır. 


- Azərbaycanda partiyalar hardan maliyyələşir?


-Baxır hansı partiya. İrandan Rusiyaya kimi maliyyələşən partiyalar var. Necə deyərlər çox rəngarəng maliyyələşmə mexanizmi var. Nə siz soruşun, nə mən deyim. 
 

- İrandan Rusiyaya kimi maliyyələşən partiyaların adlarını çəksəniz biz də məlumatlı olarıq...

- Əslində indi həbsdə olan kifayət qədər siyasətçi var. Onların bəzilərinin maddələrində bu var. Amma mən indi adlar çəksəm deyəcəklər sübut edin. Sübut etmək də qəliz məsələsidir. 

- Sizcə Azərbaycanda demokratik dövlət qurmağa layiq müxalifət lideri varmı?


- Qabağında oturmusunuz ... Güclü dövləti qurmağa çalışmaq lazımdır. Vətəndaşı rifah içində,təhlükəsiz,gələcəyə ümidli şəkildə yaşayan və özü öz sərhədlərini qoruya bilən,özü-öz maraqlarını lazım gələrsə diplomatiya ilə, lazım gələrsə diaspora ilə qorumağı bacaran dövlət qurmaq lazımdır. 


- Bütün partiyalar ancaq liderləri ilə tanınır. Onları əvəz edəcək kadr yetişdirmirlər. Siz olmasanız kreslonuzda oturacaq kadr varmı?


- Bizim partiyada kifayət qədər perspektivli gənc siyasətçilər var. Həyatlarının 10-20 ilini siyasətə xərcləyən adamlar da var. Əhəd Məmmədli, Rüfət Hacıbəyli,Cavid Hacıbəyli,Cavanşir Abbaslı və s. Sadəcə bu məsələdə media və sistem günahkardır. Məsələn siz gəlmisiz məndən müsahibə almağa. Niyə demirsiz ki, "Ağ Partiya"nın birinci müavinindən müsahibə almaq istəyirəm? Hansısa bir jurnalist rəy öyrənmək istəyir niyə demir ki, sizin qərb məsələləri üzrə müaviniz kimdir ondan müsahibə alaq? Jurnalistlər özünü yormur. Azərbaycan siyasi jurnalistikası belə müəyyən edilib. Çox az mətbuat orqanları var ki, yeni simalarda maraqlı olur.  Mən 15 ay həbsdə olanda birinci müavinim Əhəd Məmmədli və Rüfət Hacıbəyli rəhbər vəzifəsini icra edib.


- Demək olar bütün müxalifət partiyalarının liderləri 20 ildən çoxdur bir kresloda oturur. Sizcə bu normaldır?


- Əsas o deyil nə qədər otururlar. Baydenin 80-dən çox yaşı var. Adam bəlkə də 60 ildən çoxdur siyasətlə məşğuldur. Əgər verimlidirsə niyə də olmasın. Elə adam var ki, altı ay gəlir özünü biabır edir və heç bir işə yaramayacağını sübut edir. Elə adam da var 30 ildir bu işdə oturub o illər artıra-artıra davam edir. Məsələn İsa Qənbər gedəndən sonra partiya qazandımı itirdimi? Cəbhədə məsələn mən Əli Kərimliyə qarşı heç vaxt o arqumenti işlətməmişəm ki, sən necə ildir oturmusan, kimsə çıxsın qalib gəlsin o olsun. Bu verimliliklə ölçülməlidir. Təbii ki, normal baxıram. 

- Onda İlham Əliyev ilə niyə razılaşmırsız? 


- Bizim davamız nədir? Əgər xalq seçəcəksə 100 il qalsın. Sən xeyirli də olsan,ziyanlı da olsan getməlisən anlayışı yanlışdır. Mən iki dəfədən artıq seçilməyə qadağa qoymağa qarşıyam. Xalqın iradəsi nəticəsində formalaşan idarəçilik inustitundan gedir söhbət. Beynəlxalq təşkilatların  müşahidələri onu deməyə əsas verir ki,1993-cü ildən bu tərəfə demək olar ki, demokratik seçki keçirilməyib. Nə bələdiyyə, nə prezident, nə də parlament seçkilərində.


- Özünüz şəffaf seçki yoxdur deyirsiz, amma prezidentliyə və deputatlığa namizədliyinizi vermisiz...


- Üç dəfə seçkilərdə namizədliyimi vermişəm və hər dəfə saxta seçkinin qurbanı olmuşam. Seçki saxta keçirilir, silahlı hakimiyyətə gəlmək də qanunla qadağandır. Bəs nə edək? Oturub vəziyyətlə barışaqmı? Prosesin içində iştirak edərək prosesi dəyişmək lazımdır. 1990-ci ildə parlament seçildi və həmin parlament 1991-ci ildə Azərbaycanın mütəqilliyinə səs verdi. O deputatların böyük əksəriyyəti sovet seçki sistemi ilə seçilmişdi. Sovet seçki sistemi demokratik seçki keçirtmişdi? Əsas nəticədir. Dialoq deyən proses var. Uzun illərdir iqtidar və müxalifət arasında uçurum, rəqib yox düşmən anlayışı var idi. Bir birinə qalib gəlmək yox, bir-birini məhv etmək,bir-birini tənqid etmək yox, bir-birini təhqir etmək, bir-biri ilə debat aparmaq yox, bir-birini ifşa etməklə məşğuldurlar.  Yavaş-yavaş dəyirmi masa arxasında dialoq mühitində bu problemləri həll etmək lazımdır. Sizə prezidentin kim olması maraqlıdır yoxsa alacağınız məvacibin çox olması? 

- Prezidentliyə namizəd idiniz, işdir seçilsəydiz ilk görəcəyiniz iş nə olacaqdı? 


- Məşhur ifadəb var. Özümə ev alacam, maşın alacam. Birmənalı olaraq ilk və son işimiz xalqa xidmət etmək olacaq. Sistemdə dəyişməli çox məsələlər var. Vaxt var idi mənim tiktokda səhifəmin olmasına gülürdülər. İndi  DTX tiktok-da səhifə açıb. Niyə? Çünki bu günün reallığı budur. 


-Bu günki reallıqla baxıb nəyi dəyişərdiniz?


-Çox şeyi dəyişmək olar. İdarəçilikdə parlamentin seçilmə üsulu dəyişməlidir.Siyasi partiyaların sağlam fəaliyyəti üçün mühit yaradılmalıdır,media sahəsində kifayət qədər görülməli işlər var. İnformasiya təhlükəsizliyi anlayışımız bərpa olunmalıdır. Hazırda informasiya savaşı gedir. Mediada,səhiyyədə,təhsildə kifayət qədər boşluq var. O demək deyil ki, indiki iqitdar iş görmür,görür ancaq bu problemləri həll edə bilmir. 


- Sizcə həbsiniz kiminsə sifarişi idimi? 


- Desəm sifariş deyil  cinayət etdiyimi etiraf etmiş olaram. Təbii ki, sifariş idi. İqtidarın sifarişi idi. Mənim əhatəmdə məndən daha təhlükəli fəaliyyətlə məşğul olanlar var. Heç biri tutulmayıb,amma mən siyasətlə məşğul idim. 2011-ci ildə ərəb baharı ərəfəsində həbs olunmuşam. Bu yola çıxanda bilirik ki, həbs oluna bilərsən, represiyaya da məruz qala bilərsən. Əgər sifariş deyildisə sonradan niyə buraxdılar. 


-Sizcə siyasətçi kimi Azərbaycanda hazırda hansı nazir öz postuna layiqdir?


- Heç biri. Mən bu komandanın rəqibiyəmsə və bunun yerinə gəlmək istəyirəmsə deməli heç bir nazir yerində deyil. Azərbaycanda hansı sahədən razılıq var? Mən bütün sahələrdən narazıyam. Güc strukturlarında da boşluqlar var. Elə olmasaydı Müdafiə Nazirliyində 10 milyon yeyinti ilə əməliyyat keçirilməzdi,həbslər aparılmazdı. 

- LGBT fərdlərinə münasibətiniz pisdir... Niyə?

- Demokratiya odurmu ki, kim nə hoqqa istəyir çıxarsın? Bizim partiya olaraq o məsələdə dözümlük anlayışımız yoxdur. Onda narkotiki niyə sərbəst etmirlər? İnsanlıq üçün ziyandır. Biz də deyirik ki, bu yaşam tərzi insanlıq üçün ziyandır. Fikirləşin sabah bütün kişilər kişilərlə evlənir, qadınlar da qadınlarla.Dünya necə inkişaf edəcək? Artım hardan olacaq? Marsdan uşaq idxal edəcəyik? Düşünürəm ki, bu boşluqdandır. Hər millətin öz adət-ənənəsi var. Bizdə də belə şeylər olmayıb və inşallah da olmaz. Bu iman gətirən Allahın da qadağa qoyduğu şeydir. Heyvanlar belə bu işlərlə məşğul olmur. Kimin xoşuna gəlmirsə özü bilər. 

- Təcrübəli siyasətçilərdən məsləhət alırsız?

-Mən 22 ildir siyasətlə məşğulam və özümün də kifayət qədər təcrübəm var. Amma təbii ki, məsələhətləşdiyim siyasətçilər var. Ad çəkmək istəmirəm. Dost qazanmaq çətindir, itirmək asan. Dost itirən vaxtımız deyil. 

- Ölkədə doğurdanmı 5-ci kolon var? 

-  Kimsə Türkiyənin bayraqlarını şəhidlər məscidindən aşağı endirirsə deməli 5-ci kolon var özü də Rusiyanın 5-ci kolonudur. Ramiz Mehdiyev, Nəcməddin Sadıxov, digər mafiya üzvləri var ki, onlar illərdir Rusiyanın buradakı xəfiyyə şəbəkəsidir. Qərbin 5-ci kolonu da var. İranın da var. Biz bunlardan canımızı qutarmalıyıq. Ərdoğan FETO-dan canını necə qutardı? Siyasi iradə olsa təmizləmək asandır. Hər şey yerli və milli olmalıdır. Özününkü olmalıdır, yalnız o zaman müstəqil olmaq olar. Bəzi deputatlar Rusiya əleyhinə,İran əleyhinə danışa bilmir. 

- Deputatlar arasında 5-ci kolon üzvü olanlar varmı?

- Hazırda 119 deputat var. İçərisində Rusiya, Avropa, İran və başqa ölkələrlə bağlantıları olanlar var.

- Sizin həmin kolonların birindən olmamağınıza necə inanaq?

- Əgər şübhə olarsa onda sübut etmək olar. Uzaqbaşı deyərlər bu da Türkiyənin 5-ci kolonudur. Türkiyə də qardaş dövlətdir. 

- Müharibədəki qələbəyə münasibətiniz necədir? Xocalının bilinməyən taleyini müharibənin qələbəsi hesab etmək olarmı?

- 44 günlük müharibədə qazandığımız qələbə böyük zəfər qələbəsi idi. 50 il sonra heç kimin yadında qalmayacaq müxalifət kim idi, iqtidar kim idi. Tək söz deyiləcək ki, Azərbaycan Ermənistana qalib gəldi. Xocalı, Xocavənd, Xankəndi bu məsələlər həll olunub demək olar. Rusiya,İran kimi sənin qonşun varsa sən bəzi nyuansları nəzərə almalısan. Azərbaycan bu istiqamətdə zamanında qətiyətli addımlar atmalıdır. Bu baxımdan mən adı çəkilən bölgələrin taleyindən narahat deyiləm. Deyirlər biz ora gedə bilmirik? Kimindir bəs ora? Paşinyan deyir bizim deyil,Rusiya da deyir biz müvəqqətiyik. Demək ki, bizimdir. Biz hətta Zəngəzur,İrəvan məsələsini də qaldırmalıyıq. Bunlar bizim tarixi torpaqlarımızdır. 

- İlham Əliyevlə görüşmək şansınız olsa gənc siyasətçi kimi nə təklif edərdiniz?

- Normal ölkələrdə iqtidar və müxalifət başçıları görüşə bilir. Fərq etməz, təklikdə və ya komanda şəklində. Amma Azərbaycanda təəssüf ki, qurulan sistem elədir ki, bizdə bu iş bir az fantastik görünür. Mən demirəm ki, İlham Əliyev siyasəti bilmir, məndən öyərənəcək.Amma hər halda biz də öz müşahidələrimizi, fikirlərimizi deyərik. Ölkənin hazırkı gündəmə uyğun iqtisadi və siyasi problemlərini çatdırarıq. 

- Müharibədən sonra hamı qələbə havasında idi. Gözlənilən münasibətin əksini gördük. Bahalaşma, komunal xidmətlərin artması və.s 

- Doğru deyil.  Bu xalqın qalib ruhunu sındırmaq olmaz. Qazilərə şəhid ailələrinə münasibət başqa olmalıdır. Onlar qələbənin simvollarıdır. Nəinki sadə insanlara hətta qazilərə qarşı münasibət başqadır. Tez-tez görürürk ki, qazilər intihar edir, etiraz edir, şəhid aiələləri üsyan edir. Ya düşünülmüş şəkildə kimlərinsə planıdır ki, yaranmış həmrəylik ruhunu sındırsın. Yerində olmayan nazirlərin iş bilməməsinin nəticəsini xalq çəkir. Komunal xidmətlərin artması, sosial təminatların kəsilməsi, əliliyin ləğv olunması, hərbçilərə olan münasibət və s bunları deməyə əsas verir. 

- Sizcə doğurdanmı sadaladığınız problemlərdən nazirlər xəbərsizdir? 

- Nazir görmür ki, qapısının ağzında gündə nə qədər qazi, şəhid ailəsi, yaşlılar,xəstələr üsyan edir? Xəbərləri var, sadəcə çıxış yolları tapa bilmirlər, xalqı tanımırlar. Nazirlərin böyük əksəriyyətinin marağı xalqa xidmət etmək yox, onu təyin edən prezidentə xoş gəlməkdir, prezidentin gözündə yüksəlməkdir. 

- Özünüzü hansı vəzifədə görürsünüz və düşünürsünüz ki, həmin sahədə dəyişiliklər edə bilərsiniz?

- Mikayıl Cabbarov 4 nazirlik dəyişib, Ceyhun Bayramov 3 nazirlik dəyişib. Biz də dəyişə-dəyişə gedərik. Görək hansı nazirlikdə özümüzü tapsaq orda da işləyərik. Zamanında düşünmüşük. Hazırda normal cəmiyyət qurulsa biz müxalifət kimi də kifayət qədər faydalı olarıq. 

- Partiya üzvlərinizə nə söz vermisiz və sonra özünüzlə tək qalanda demisiz ki, axı mən bunu edə bilməyəcəm?

- Demişəm hakimiyyətə gələn kimi hamınızı həbs edəcəm. Biz Azərbaycanda tək partiyalardanıq ki, ideoloji partiyayıq. İnsanları niyə aldadaq ki?
 
İSTİQAMƏT:6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Gülnar Nazimqızı, Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM